İmad Faraj: ”10 ildir ki, süni örtükdə oynamırdım”
"Neftçi"nin fransalı sağ cinah vingeri İmad Faraj Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində bu gün səfərdə "İmşili"yə qarşı keçirdikləri oyundan (0:0) Sportliqa.az-ın əməkdaşının suallarını cavablandırıb.
- İlk növbədə, oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Çətin oyun idi, çünki rəqib müdafiədə idi və əks-hücum gözləyirdilər. Biz isə belə komandaların əleyhinə oynayanda boşluq tapmağı və daha çox keçid yaratmağı bacarmalıyıq. Əlbəttə, iki-üç şansımız oldu, amma qol vura bilmədik. Daha irəlidə olmalıyıq.
- Süni örtük barədə nə düşünürsünüz? Bu amil oyununuza təsir etdimi?
- Bəli, məncə, təsir etdi, çünki mən süni örtükdə 15 yaşım olanda oynamışam, yəni təxminən 10 ildir ki, süni örtükdə oynamırdım. Amma bu, bəhanə deyil. Hər oyunda inkişaf etməliyik və yaratdığımız imkanlardan maksimum faydalanmalıyıq.
- İki oyundan sonra yalnız bir qol vurdunuz və o da penaltidən oldu. Qol vurmaqda çəkdiyiniz çətinliklər barədə nə deyə bilərsiniz?
- Şanslarımız oldu, amma onları sona çatdırmaq və qapı qarşısında daha kəskin olmağımız lazımdır. Hücum xəttində daha yaxşı olmalıyıq.
- Komandanın bu mövsüm üçün hədəf və məqsədləri barədə nə düşünürsünüz?
- "Neftçi" böyük komandadır və bizim də böyük hədəfimiz olmalıdır. Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Əlbəttə, bunun çətin olacağını bilirik, amma hələ ikinci oyundur. Ümid edirəm ki, növbəti oyun daha yaxşı olacaq.
- Azərbaycana uyğunlaşmanız və burada futbol oynamaq barədə fikirləriniz necədir?
- Bu mənim ilk oyunum idi, çünki iki aylıq zədələnmişdim. İki yarım aydan sonra ilk oyunuma çıxdım. Amma problem yoxdur. Ümid edirəm ki, tezliklə ən yaxşı formama qayıdacağam və komandaya kömək edəcəyəm.
Murad Ağazadə