Qış fasiləsində "Səbail"in heyətində ciddi dəyişikliklər olacaq.
Sportliqa.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Adil Şükürov deyib.
"Heyətdə ciddi dəyişikliklər olacaq. Hər mövqeyə yeni və yerli futbolçular cəlb etmək istəyirik. I Liqada tam başqa futbol oynanılır. Premyer Liqadan fərqlidir. Qarşıya Premyer Liqaya vəsiqə qazanmaq hədəfi qoyulub. Bu məqsəd üçün futbolçular cəlb edəcəyik və bütün gücümüzü ortaya qoyacağıq".
O, çempionatın ikinci yarısına kökləndiklərini bildirib: "Cəmi 20 gündür "Səbail"dəyəm. Komanda barədə nəsə danışmağın hələ tez olduğunu düşünürəm. Kollektivi qış fasiləsində həm taktiki, həm də psixoloji yöndə hazırlayacağıq. İstəklərimizi futbolçulara çatdıracağıq. Özümüzü tam şəkildə çempionatın ikinci yarısına kökləmişik. Qısa müddətdə çatışmazlıqların üzərində çalışıb, komandanın durumunu yaxşılaşdırmaq istəyirik".
Qeyd edək ki, "Səbail" hazırda turnir cədvəlində 22 xalla 3-cü pillədə qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.