Dünən II Liqa təmsilçisi "Füzuli"də baş məşqçi Amit Quluzadə vəzifəsindən ayrılıb. Sportliqa.az xəbər verir ki, Amit Quluzadə istefa səbəbini "FutbolPress"ə açıqladı:
"İstefa verməyimin xüsusi səbəbi yoxdur. Sadəcə fikirləşdim və qərar verdim ki, komandadan getməyim yaxşı olar. II Liqada baxımlı futbol oynayan 3 komanda varsa, biri də "Füzuli"dir. Komanda rəhbərliyim altında 11 oyuna çıxıb və bütün matçlarda dominanat futbol sərgiləyib. Əsas problem bitiricilik məsələsi idi. Hücumları edirdik, amma qolla tamamlaya bilmirdik. Düzünə qalsa, elə bu məsələyə görə komandadan ayrıldım. Qış fasiləsinə kimi gözləyib nələrisə yoluna qoymaq olardı. Amma həmin vaxta qədər gözləməyə səbrim çatmadı. Qeyd etdiyim kimi, hər şey normal idi. Qarşıdakı oyunlarda rəqiblər o qədər də çətin deyildi, qalıb qələbə qazanmaq olardı. Bəzi məsələlərin dərinliyinə varmaq istəmirəm. Komandanın prezidenti Rauf Quliyeva, icraçı direktoru Vasif İsmayılova təşəkkür edirəm. İstefa məsələsini klub rəhbərliyi ilə müzakirə etməmişdim. Rəhbərliyin bu qərərdan xəbər yox idi".
Məşqçi II Liqanın səviyyəsinin olduqca yüksək olduğunu bildirdi:
"I və II Liqa arasında ciddi fərq yoxdur. Sadəcə I Liqada olan futbolçular bizimkilərə nəzərən daha peşəkardır. Sözügedən liqaların ilk 6 pilləsində qərarlaşan komandalar qarşılaşsa, aralarında ciddi fərq görünməz. Sadəcə II Liqada şərtlər daha ağırdır. Futbolçular əlavə işlə məşğul olurlar. Bəzən səfərlərə gedəndə əsas futbolçuları apara bilmirdik. Çünki işdən icazə ala bilmirdilər".
Quluzadə gələcək karyerası haqda da danışdı:
"Karyeramı davam etdirmək fikrindəyəm. Uyğun təklif olsa, dəyərləndirəcəyəm. Bu təklif elə olmalıdır ki, kluba gedəndə istədiyim sistemi qura bilim. Əsas perspektiv olmalıdır. Yoxsa mənim üçün pulun önəmi yoxdur".