Azərbaycanın futbol üzrə U-17 və U-19 milli komandaları bu gün Avropa çempionatının seçmə mərhələsində uğursuz startla yadda qaldılar.
U-17 millisi səfərdə Almaniyanın müvafiq yaş qrupu ilə keçirdiyi matçda 0:7, U-19 isə Monteneqronun eyni yaş qrupuna 2:7 hesabı ilə məğlub olub.
Hər iki qarşılaşmanı dəyərləndirməsi üçün Azərbaycan millisinin aşağı yaş qruplarında 6 ildən artıq çalışmış, yığmanın sabiq baş məşqçisi Aqil Nəbiyevlə əlaqə saxladıq. Nəbiyev açıqlamasında belə nəticələr gözləmədiyini bildirdi:
“Sözün açığı, qruplara baxanda elə də ağır qruplar olmadığını gördüm, Almaniya millisini saymasaq. Əslində Almaniya futbolu da yüksəlişdə deyil, əksinə, enişdədir. Düşünürəm ki, Almaniya Portuqaliya, İspaniya və Fransa səviyyəsində deyil. Hər iki qrup normal idi. Açığı, belə nəticələr gözləmirdim. İstər Monteneqro millisinə, istərsə də almanlara qarşı olsun. Özüm 6 ildən artıq milli komandada çalışmışam, müxtəlif yaş qruplarında. 2005 yaş qrupu 2021-ci ilən bizdə olub. Bu gün Eşqin Əhmədov (“Qəbələ), Rüfət Abbasov (“Neftçi”), Edqar Adilxanov (“Şamaxı”) və bir çox digər futbolçuları saya bilərəm ki, üç il bizimlə bir yerdə olublar. İndi də həmin futbolçular U-21-də, əsas yığmada və Premyer Liqanın bir neçə klublarında forma geyinirlər. Son illər, mən həmişə demişəm ki, seçim məhduddur. Amma o məhdud seçimdən də maksimum dərəcədə yararlanmaq lazımdır. Hər iki oyunu “online” izlədim. Fikirləşin ki, Monteneqroya qarşı ilk hissə 1:6 bitdi, həmin şey də 17 yaşlılarımızda oldu. Həqiqətən də, düşündürücü və acı bir məğlubiyyətlərdir. Bunun tək səbəbini milli komandaya bağlamaq da olmaz. Uşaqlar il ərzində klub səviyyəsində çoxlu turnirlərdə iştirak etməlidirlər, tez-tez Avropa ölkələrinə çıxmalıdırlar. Təbii ki, hamısına şamil etmirəm, bir-iki komanda istisna olmaqla. Onlar da ildə 2-3 turnirdə iştirak edirlər. Amma digərləri demək olar ki, heç bir kənar ölkəyə çıxmır. Bu futbolçular milli komandaya klublardan gəlməlidir. Milli komanda futbolçu baxımından klublardan qidalanır. Millinin elə bir geniş vaxtı da yoxdur ki, oyunçu hazırlasın.
Futbolçuların böyük təməl problemləri var. Bizim beynəlxalq səviyyədə futbol oynamağa gücümüz yoxdur. Sonda da gətirir belə hesablara çıxarır. Və fikirləşin ki, bir neçə ildən sonra həmin futbolçular U-21-in, əsas millinin heyətini təşkil edəcəklər. Ona görə də, üzümüzə gələn bir neçə ildə böyük gözləntilər çətin ki, olsun. Həmin bu futbolçuların 4-5 il bundan qabaq 12-13 yaşları var idi. Və neçə illərdir ki, bu futbolçular bax, belə qalır. 2005-2006 yaş qrupundakı həmin Rüfət, Edqar və digərləri mənim rəhbərliyimdə oldular. Həmin ərəfədə mənim bu futbolçulardan gözləntilərim böyük idi. Bilirdim ki, onlar gələcəkdə U-21-in, əsas millinin formasını geyinəcəklər. Amma son illərdə seçimimiz çox az idi. Bu gün “Neftçi”nin əvəzedicilərində Kamil Həsənov var, hansı ki, heyətin daimi üzvüdür. Sosial şəbəkədə fotolarda da onun bu gün əsas komanda ilə məşqə çıxdığını gördüm. 2009 yaş qrupudur və onu milli komandaya ilk dəfə mən dəvət etmişdim, İspaniyada “Marset” akademiyasında olanda. Hazırda “Neftçi”nin əvəzedicilərində oyunlara çıxır. Həqiqətən də, sevindirici haldır. Özüm də baxıram ki, seçimlərimdə yanılmamışam. Eyni şeyi Əli Bəşirova, Uğur Qurbanlıya (hər ikisi “Qarabağ”) aid edə bilərəm. Çox futbolçular var. 2009-2010 yaş qrupunda yaxşı potensiallı oyunçularımız var. Amma sadəcə olaraq, düzgün seleksiya və seçim etmək lazımdır. 2005-2006 və 2009-2010 yaş qruplarında olan həmin futbolçular bizim vaxtımızda milli komandaya dəvət olunublar. Dediyim kimi, düzgün toxunuşlar, düzgün seleksiya önəmli şeydir. Düzdür, dediyim kimi, seçim geniş deyil. Amma həqiqətən də, bu gün məğlubiyyətlər acıdır. Oradakı məşqçiləri də düşünürəm. Onların hansı hissləri, stressləri keçirdiyini anlayıram. 0:7, 2:7 hesablı məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir. Amma bu tək milli komanda ilə bağlı olmalı deyil, klublar çox çalışmalıdır. Futbolçular təməl yaşından bu işlə məşğul olursa, orada tək savadlı yox, həm də bacarıqlı məşqçilər olmalıdır. Yoxsa ki, bizdə təmələ çox da fikir verilmir. Nəticədə, futbolçu 15-16 yaşına gələndə baxırsan ki, təməl texnikasında böyük problemlər var. Ona görə də, alt yapıya çox ciddi fikir verilməlidir və məşqlərin sayı daha çox olmalıdır. Hər yaş qrupunda bir-iki məşqçi olur, bu, yetərli deyil. Bir yaş qrupunda 25-30 oyunçu varsa, orada hər 5-6 futbolçu üçün bir məşqçi olmalıdır ki, hər şeyi detallı şəkildə izah edə bilsin”.
Nəbiyev, xüsusən, bölgələrdə vəziyyətin acınacaqlı olduğunu deyir:
“Biz neçə illərdir ki, bunu danışırıq. Son illərdə isə futbolçuların keyfiyyəti ildən-ilə aşağı düşür. Mən 6 ildən çox milli komandada çalışmış biri kimi bunu deyirəm. Çünki mən Azərbaycanda bütün yaş qruplarını tanıyıram. 2012-yə qədər burada tanımadığım futbolçu yoxdur. Bilirəm ki, gələcəkdə bizi bundan da ağır məğlubiyyətlər gözləyə bilər. Amma ümid edirəm ki, belə davam etməz. İldən-ilə futbolçuların keyfiyyəti aşağı düşür və bununla bağlı çox ciddi bir şey fikirləşmək lazımdır. Əsas da bu, klubların üzərinə düşən bir şeydir. Çıxın bölgələrə baxın, görün ki, həmin zonalarda çempionatlar hansı səviyyədə keçirilir. 13-14 yaşa qədər uşaqlar həmin zonalarda oynayırlar. Baxın ki, hansı meydançalarda çıxış edirlər, hansı paltardəyişmə otaqlarından istifadə edirlər? Görəcəksiz ki, həqiqətən də, acınacaqlı bir durumdur. Ümid edirəm ki, bundan sonra yavaş-yavaş düzələcək. Amma bu da böyük bir vaxt tələb edir. Danışılacaq çox şey var, amma nə danışım, bilmirəm. Bilmirəm ki, haradan başlayıb, harada bitirim. Həqiqətən də, vəziyyət çox üzücüdür. İstər U-19-un baş məşqçisi Elgiz Kərəmli olsun, istərsə də digərləri. Hamısını tanıyıram, mənim yanımda işləmiş məşqçilərdir. İstəməzdim belə şeylər olsun. Onları da anlayıram, amma bilmirəm nə danışım.
Demək istəyirəm ki, istər mətbuat olsun, istər klublar olsun, həmin liqaları izləyin. Həmin prosesləri yaxından görsəz, biləcəksiz ki, həqiqətən də, alt yapılarda böyük problemlər var. Bir-iki klub istisna olmaqla, bir çoxunda durum həqiqətən də acınacaqlıdır. Fikirləşin ki, bir meydanda nə qədər komanda məşq edə bilər? Fikirləşin də… Bütün yaş qrupları demək olar ki, bir stadionda hazırlaşır. Meydançanı yarıya bölüb məşq etməklə istədiyin keyfiyyəti ala bilməzsən. Bununla yanaşı, klublarda məşqçilər çoxlu maariflənməlidirlər, Avropaya çıxmalıdırlar. Məşqçilər maarifləndikcə futbolçular da inkişaf edəcək. Yoxsa, belə, günüm keçsin, maaş alım… Belə iş olmur. Bizim övladlarımız bədbəxt olurlar. Ona görə də, çox çalışmaq lazımdır.
Bir neçə il bundan qabaq bizim 2005 yaş qrupu Türkiyə millisi ilə matçda Arda Gülərə (“Real”), Kənan Yıldıza (“Yuventus”) qarşı oynamışdılar. İndi həmin futbolçular dünya ulduzlarıdır. Yəni, demək istəyirəm ki, bizim futbolçuların – Rüfətin, Murad Məmmədovun (Kipr, “Pafos”), Edqarın, bir çox oyunçunun adını çəkə bilərəm. Düzdür, Azərbaycan səviyyəsində sevinirəm ki, həmin futbolçular itib-batmayıblar. Milli komandada Eşqin, Şahin Şahniyarov (“Qəbələ”) – siyahını daha da genişləndirə bilərəm. Həqiqətən, mən olara baxıb fəxr edirəm, qürur duyuram ki, həmin o üç il ərzində bizim əməyimiz boşa getməyib. Ona görə, demək istəyirəm ki, çox çalışıb, seleksiyanı düzgün aparmaq, bölgə-bölgə gəzmək lazımdır. Hamı da bilir ki, mən bölgə-bölgə gəzmişəm. İstər federasiyanın, istərsə də öz cibimin pulu ilə olsun, çalışmışam ki, düzgün oyunçuları tapıb çıxaraq və qiymət verək. Amma bu gün çox çətindir, üzücüdür. Ümid edirəm ki, yaxşı olar”.
Azərbaycanın U-17 millisi noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Litva yığması ilə qarşılaşacaq. U-19 millisi isə Farer adaları və Serbiya yığmaları ilə üz-üzə gələcək. (Komanda.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az