Romaonu az qala Toni Kross səviyyəsinə qaldırmışdılar. Son zamanlar adamın etdiyi səhvlərin sayı artan dinamika ilə gedir. "Tottenhem"lə oyunda hər şey xeyirimizə getdiyi, rəqib azlıqda oynadığı bir vaxtda yersiz yerə özündən Amerika açmaq istədi, səhv etdi, qol buraxdıq.
"Kəpəz"lə oyunda təpiyi qoydu rəqibin qarnına Rəvan Həmzəzadə başını sığallayıb bağışladı.
Bu gün isə yenə hər şey bizim istədiyimiz kimi getdiyi vaxtda növbəti hoqqanı verib oyunun içinə zibil qoydu. Qapımıza ən yaxın sonuncu futbolçusan. Üstəlik, topa ən yaxın sənsən və ona nəzarət də səndədir. Auta da vura bilərsən, qapıçıya da ötürə bilərsən. Rəqiblə aranda da 15-20 metrlik məsafə var. Nə hoqqa çıxardırsan, kimə korpus qoyursan, qabağındakı rəqib "Kəpəz"di, "Səbail"di bu nə məsuliyyətsiz, düşüncəsiz hərəkətdi? Qara Qarayev bu səhvi etsə idi, indi az qala Vətən xaini etmişdilər. Amma Romaonun səhvləri nədənsə görməzdən gəlinir. Qara 10 il "Qarabağ"da oynadı, Çempionlar Liqasının qrupunda forma geyindi, amma nə belə səhv elədi, nə də belə qırmızı vərəqə aldı. Komandadan ayrılanda da demişdim, söz vaxtını çəkər, bu gün də eyni fikiri deyirəm: o insan haqq etmədiyi halda ehtiyata göndərildi, haqq etmədiyi halda üstündən xətt çəkildi, Romao da həmçinin tər töküb, haqq edib, güclü olduğunu sübut etmədiyi halda əsas heyətdə yer aldı. Qara "Qarabağ"dan ayrılanda buna həsr etdiyim statusda bütün bu məsələlərə toxunmuşdum.
Təəssüf ki, öz fikiri olmayan, "Qurban Qurbanov edirsə, deməli düzdü" təfəkkürü ilə yaşayanlar mənim fikirlərimə etiraz etmişdilər, Qaranı yerin dibinə soxub, Romaonu göylərə qaldırmışdılar. Hansı ki, həmin göylərə qaldırılan Romao neçənci vacib oyundur ki, bizi yerə vurur. Məntiqlə ardıcıl səhvlərin ardından bu futbolçu növbəti oyunda ehtiyatda oturmalıdır. Görək oturacaqmı...?
Oyuna gəlincə, əslinə yaxşı başlamışdıq, təhlükəli hücumlar da təşkil edirdik, qol vəziyyəti də yaradırdıq, təəssüf ki, qırmızı vərəqə bütün planları alt-üst etdi. 10 nəfərlə "Ayaks" kimi komandaya qarşı oynamaq çox çətindi.
Hakimlik haqda nə demək olar? Sayılmaya qol baş hakimin səlahiyyət sahəsi deyil, buna yan xətt və VAR hakimləri məsuliyyət daşıyır. Romao və Elvinə verilən vərəqələr haqlı idi. Maraqlıdır ki, Elvin neçənci oyundur ki. passivində sarı vərəqə ola-ola növbəti sarı və qırmızı vərəqəni alır.
O ki qaldı, qapımıza təyin olunan penaltiyə, bax burda, hakim səhv etdi. Düzdür, Medina nəzərəçarpacaq dərəcədə aqressiblik göstərdi, rəqibə çiyinlə çox sərt formada toxundu. Amma istənilən halda, o cür toxunuşa görə penalti çox ağır qərar idi.
Bundan sonrakı 4 oyunun nəticəsi nə olur olsun, 2025-ci ildən "Qarabağ"da ciddi dəyişikliklərə, yenilənməyə ehtiyac var.
Müəllif: Anar Xanlarov