Misli Premyer Liqasının XII turu “Qarabağ”ın “Kəpəz”lə oyunda 7 qol vurması ilə əlamətdar olub. Bu, Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır.
Sportliqa.az PFL-ə istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən turnirdə bunadək 72 dəfə tərəflərdən biri rəqib qapısına 7 və ya daha çox qol vurub. 7:1 hesablı qələbə qazanan “Qarabağ” tarixində 5-ci dəfə bunu bacarıb.
Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə 21 komanda məhsuldar oyun keçirməyi bacarıb. “Şəmkir” 7, Sumqayıt “Xəzər”i 6, “Turan”4, “Şamaxı” və “Bakı” hərəyə 3, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə 2 qarşılaşmada 7 və ya daha çox qola sevinib. Digər 11 komandanın hesabında bir belə görüş var.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ına 8 qol vurub – 8:1.