Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub.
Sportliqa.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu 13-cü turda “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub etdikləri görüşdə bunu reallaşdırıb.
28 yaşlı forvard özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurmuşdu. 3:3 hesabı ilə bitən həmin matçda da Volkov səfərdə het-trik edib.
Bununla da, Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Forvard “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.