“Neftçi”nin futbolçusu Reziuan Mirzov klubun təşkil etdiyi mətbuat konfransında iştirak edib.
Sportliqa.az xəbər verir ki, rusiyalı vinger “ağ-qaralar”ın Premyer Liqanın 13-cü turunun “Sumqayıt”la matçından əvvəl sosial şəbəkə hesablarında paylaşdığı video haqda danışıb.
30 yaşlı futbolçu qələbədən sonra danışmağın daha doğru olduğunu bildirib:
“Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. Ondan sonra motivasiya götürüb “Sumqayıt”a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı. Rusiyada və dünyada bundan istifadə edirlər. Lakin mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam”.
Qeyd edək ki, “Neftçi” “Sumqayıt”la oyundan öncə tərəflər arasında ilk dövrədə Sumqayıtda baş tutan qarşılaşmada işıqların sönməsinə işarə vuraraq video hazırlamışdı. Lakin paytaxt klubu rəqibinə uduzduqdan sonra qarşı tərəfə həmin videoya verdiyi cavabla gündəm olmuşdu.