18-19 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində Xankəndi şəhəri erməni işğalından azad edildi. 10 gün sonra Azərbaycan polisi şəhərə nəzarəti bərpa etdi, 15 oktyabrda isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı.
Azad edilmiş torpaqlarda bərpa, yenidənqurma işlərinə başlanılıb, böyük layihələrin icrasına göstəriş verilib. Xankəndiyə inteqrasiya prosesinin tərkib hissəsindən biri də kütləvi idman yarışı futbolun şəhərdə yenidən canlanmasıdır.
Gənclər və İdman nazirliyi dövlətin təşəbbüsü və AFFA rəsmilərinin iştirakı ilə Xankəndiyə ezamiyyət oldu, şəhər stadionuna baxış keçirildi və hərhansı oyunun burada keçirilməsi perspektivi müzakirə olundu. Bundan əlavə, "Qarabağ" klubunun və PFL nümayəndələri də stadiona baxış keçirdi. Səfərlərdən dərhal sonra arenada təmir işlərinə start verildi və hazırda yekunlaşmaq üzrədir.
Artıq Xankəndi stadionunda ilk oyunun keçiriləcəyi tarix də bəllidir.
Dekabrın 21-də "Qarabağ" Azərbaycan Kubokunun 1/8 final oyununu Xankəndi şəhər stadionunda keçirəcək. Rəqib isə MOİK - "Cəbrayıl" cütünün qalibi olacaq. Matça saat 14:00-da start veriləcək.
AFFA və PFL-in təşəbbüsü ilə mətbuatın Xankəndiyə səfəri təşkil olunacaq. Ezamiyyətə media işçiləri ilə yanaşı, futbol ictimaiyyətinin nümayəndələri və məhdud sayda azarkeşlərin aparılması nəzərdə tutulub.
futbolpress.az