"Qəbələ" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Turan Tovuz"u 4:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, 3 qol vuraraq komandasının qələbəsində pay sahibi olan Bilel Auşeriya matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Özümü çox yaxşı hiss edirəm. Hər gün 3 qol vurmaq olmur. Əsas odur ki, komandamız qalib gəldi.
- Karyeranda het-trikin olmuşdu?
- Peşəkar karyeramda olmamışdı. Gənc yaşlarımda het-trik etmişdim.
- Bu qalibiyyət dönüş nöqtəsi olacaq?
- Buna ümid edirəm. Bu gün qələbə qazandıq, 3 xal əldə etdik. Amma o qədər də böyük iş görməmişik. Ardını gətirmək lazımdır.
- Turnir cədvəlinin son pilləsində olmaq üzərinizdə təzyiq yaradır?
- Xeyr. Biz peşəkarıq, bu, bizim işimizdir. Heç bir təzyiq hiss etmirik. Oyundan-oyuna fokuslanıb yüksək motivasiya ilə oynamalıyıq.
- Bu gün hücumda oynadın. Fərqli mövqedə çıxış etmək sənə necə təsir etdi?
- Baş məşqçi bu gün məni o mövqedə oynatdı. O, harada desə, oynamağa hazıram. Mənim üçün sol, sağ və ya hücumun mərkəzində oynamağın fərqi yoxdur.
- Özünü daha çox harada rahat hiss edirsən?
- Akademiya vaxtında vinger, "10 nömrə" və hücumçu mövqeyində oynamışam. Mənim üçün hamısı rahatdır.
- İkinci qolu rəqib azarkeşlərin qarşısında qeyd etdin. Bu, nə ilə bağlı idi?
- Planlı şəkildə etmədim. Sadəcə ora yaxın idim. Həmin an heç nə fikirləşmirdim.
- Növbəti matçınız "Qarabağ"a qarşı olacaq. Gözləntiləriniz nədir?
- Bizim vəziyyətimiz elədir ki, istənilən rəqibə qarşı motivasiyalı olmalıyıq. Təkcə "Qarabağ"a qarşı yox.
- Baş məşqçi bildirdi ki, futbolçular ağ forma ilə oynamaq istəyib. Bunun səbəbi nə idi?
- Bilmirəm. O sözü məşqçi deyib. Şərh verə bilmərəm. Qırmızı və ya ağ, bizim üçün fərqi yoxdur. Əsas oynamaqdır.
- Het-trikdən sonra "Qarabağ"la matçda sənə ciddi nəzarət olacaq. Bu, çətinlik yaratmayacaq?
- Mənim üçün heç bir şey dəyişməyəcək. Həmçinin "Qarabağ" üçün də. Çünki, onlar bir oyunçuya baxmır, ümumi komandanın oyununa baxır.