Adil Şükürovun "Kəpəz"ə təyinatından sonra komanda Premyer Liqada ilk oyununu səfərdə "Səbail"ə qarşı keçirdi. Matç qolsuz bərabərliklə başa çatdı.
Sportliqa.az xəbər verir ki, "Kəpəz"in sabiq baş məşqçisi Yunis Hüseynov "FutbolPress"ə açıqlamasında komandanın "Səbail"lə matçda yaxşı oyun sərgilədiyini vurğuladı:
"Adil Şükürova uğurlar arzu edirəm. İlk oyununda xal qazanmağı bacardı. Lakin bir matça görə gələcək barədə nəsə demək olmaz. Amma "Kəpəz" yaxşı çıxış etdi, "Səbail"ə qarşı məğlub olmaq istəmirdilər. Bu matçda məğlub olmamaq böyük işdir. "Səbail" çempionatın güclü komandalarından biridir. Ümid edirəm ki, "Kəpəz" daha uğurlu nəticələr qazanacaq. Gəncədə yeni stadion tikilir. Arzu edirəm ki, komanda yeni stadionunda Premyer Liqa matçlarını qəbul edəcək".
Hüseynov komanda daxilindəki söz-söhbətin aradan qaldırılmasının vacibliyini vurğuladı:
"Kəpəz" daxilindəki söz-söhbətlər aradan qaldırmalıdır. Belə hadisələr mətbuatda işıqlandırılmalı deyil. Bu, komandaya pis təsir edir. Rəhbərlik bu kimi hallarda qəti addımlar atmalıdır. Daxildə olan söz-söhbət kənara çıxmalı deyil. Klub rəhbərliyi komanda daxilindəki işçilərə ciddi xəbərdarlıq etməlidir. Mən "Kəpəz"də işləyən vaxt bu qədər söz-söhbət olmurdu. Məncə, klub rəhbərliyi bu məsələdə bir az mülayim davranır. Hiss olunur ki, komanda daxilində qruplaşmalar var. Hər qrup fərqli şeylər istəyir. Bu da kluba, futbolçulara mənfi yöndə təsir edir. Hamı yumruğu bir yerə vurmalıdır. Əsas klubun Premyer Liqada qalmasıdır".