“Çətin oyun olacağını bilirdik. Turnir cədvəlində aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, “Qəbələ” heç də zəif rəqib deyil. Ona görə bu matça yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Çox şükür ki, istədiklərimizi meydanda reallaşdırdıq və qələbə qazandıq”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matçın çətin keçəcəyini söyləyib: “Artıq sabahdan qarşıdakı matçın hazırlıqlarına başlayacağıq. “Sumqayıt” hazırda yaxşı formadadır. Səhv etmirəmsə, neçə turdur uduzmurlar. Odur ki, bizi maraqlı və gərgin oyun gözləyir”.
22 yaşlı futbolçu öz çıxışına qiymət vermək istəməyib: “Öz oyunum haqda fikir bildirməyim düzgün olmaz. Daha yaxşı olar ki, məşqçilər və kənardan izləyənlər bu barədə danışsınlar”.
Toral Bayramov Elvin Cəfərquliyevlə rəqabətdən də söz açıb: “Heyətlə bağlı qərarı baş məşqçi verir. Mən maksimum dərəcədə üzərimi düşəni edirəm. Elvinlə meydandan kənarda çox yaxşı münasibətimiz var. Amma baş məşqçi kimə şans verirsə, o da meydana çıxır. Hər ikimiz bacardığımız qədər komandaya faydalı olmağa çalışırıq”.
“Qarabağ”ın futbolçusu ötən həftə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda Mölde”yə qarşı keçirdikləri matça da toxunub: “Rəqib çox güclü idi. “Mölde” öz meydanında çox yaxşı çıxış edir. Hava amili də oyunumuza təsir göstərdi. Çox şükür ki, yekunda hesab 2:2 oldu. Bizə sərf edən nəticə qazandıq”.
O, qarşıdakı “Hekken”lə matçda meydanda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: “Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşacağıq. Mütləq qalib gəlib, azarkeşlərimizi sevindirməliyik. Bilirəm ki, bu matça çox böyük maraq var. Bizim üçün vacib görüşdür. Qalib gəlmək üçün daha çox vuruşmalı, daha çox qaçmalı və daha istəkli olmalıyıq. Yalnız bu halda istəyimizə çata bilərik. “Hekken”in hazırda xalı yoxdur. Onlar da bizi büdrətmək üçün əllərindən gələni edəcəklər. Lakin hər şey öz əlimizdədir. Şansımızı qaçırmamalıyıq”.
Futbolxeber.az