"Neftçi" milyonluq transferlər edir, amma yenə də qolları Rəhman Hacıyev vurur".
Rəhman Hacıyev hər qol vuranda həmkarım Elçin Əlixan bu yarı zarafat, yarı ciddi postu paylaşır. 30 yaşlı Hacıyevin aktivində 4 qol var. Ki, o, eyni sayda qola malik müdafiəçi (!) Yuri Matiasla birgə "Neftçi"nin ən məhsuldar oyunçusudur.
Rəhman sanki "ağ-qaralar"ın əsas qol ümidinə çevrilib. Vaxtilə "Neftçi"nin komandaya lazım bilməyib, göndərdiyi Rəhman...
O Rəhman ki, "Şamaxı"da icarə əsasında çıxış edəndə Şamaxı şəhər stadionunda keçirilən açılış matçında "şirlər"in heyətində qonaqların qapısına yol tapan (1:2) yeganə oyunçu olmuşdu. Amma sevinmirdi. Ümumiyyətlə, Rəhman Hacıyev "Neftçi"dən qaçaq düşdüyü müddətdə doğma komandasına vurduğu heç bir qolu xüsusi təmtəraq, sevinclə qeyd etmirdi.
2022-ci ildə yenidən paytaxt təmsilçisinə qayıdan Rəhmanın dönüşü uğurlu alınmadı. Hətta az qala daşqalaq olunma həddinə də çatdı. Hacıyev Konfrans Liqasının üçüncü turunda doğma divarlar arasında "Rapid"lə keçirilən oyunda (2:0) məğlubiyyətin əsas səbəbkarı kimi göstərildi. Təzyiq dalıyca təzyiq. Futbolçu əməlli-başlı sıxma-boğmaya alınmışdı. Amma Rəhmanın oyununa, canfəşanlığına bələd olanlar susmağı, ya da onun müdafiəsinə qalxmağı üstün tuturdu. Çoxları düşünürdü ki, "Neftçi" onu mövsümün sonunda yenidən icarəyə göndərəcək, amma...
Rəhman tonusdan düşmədi, üzərində işlədi və yenidən "axar"a düşməyi bacardı. Təsadüfi deyil ki, hazırda çətin günlərini yaşayan "Neftçi"nin "vuran ayağı" məhz Rəhmandır. Yarımmüdafiəçi bugünlərdə verdiyi müsahibələrinin birində "Neftçi"ni qoyub heç yerə getmərəm" deməklə bir daha bu klub üçün yaşadığını göstərdi.
"Neftçi" də "ağ-qara"lı formaya könül verən Hacıyevdən bərk yapışsa, yaxşıdır...
Daşqın Əziz