"Qəbələ" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Kəpəz"ə 0:3 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan öncə planınız nə idi və o planda nə düz getmədi?
- Planımız o idi ki, qələbə qazanaq. Başa düşürdük ki, sonuncu pillədə olmamaq üçün qələbə önəmlidir. Həftəlik tsikldə futbolçuların istəkli olduğunu görürdük. Sadəcə oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən istədiyimiz tempi görmədik. Düşünürəm ki, problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər cür şans verdik. Onlar da bundan istifadə etdilər.
- Futbolçuların həddən çox istəkli olması, yoxsa "Kəpəz"in yaxşı oynaması bu cür hesaba gətirib çıxardı?
- Çempionatın ortasıdır. Düşünürəm ki, istək daha da çox olmalıdır. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. "Kəpəz" bizim səhvlərdən sonra aktiv olurdu. Durduğumuz yerdə səhvlər baş verirdi. Yenə deyirəm, problem özümüzdədir. Bəzi şeyləri düzəltməliyik ki, oyunumuz daha yaxşı olsun.
- Problem bizdədir deyərkən konkret olaraq nəyi nəzərdə tutursan?
- Problem məndədir ki, komanda uduzur. Komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik komandanı gücsüz görürsə, "Qəbələ" üçün ən yaxşısını etməyə hazıram.