"Neftçi" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdeə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Öncə, ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının tezliklə sağalmalarını arzulayıram və onlara şəfa diləyirəm. Çətin oyun idi, güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım meydanda komanda şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İstəyirdik ki, nəsə edək. Amma uduzduq.
- Hər zaman deyirsiz ki, oyun çətin keçdi. "Neftçi" üçün bu çempionatda asan oyun olub?
- Bütün oyunlar çətindir.
- 19 yaşında bu stadionda qol vurmusuz. Yenidən Tofiq Bəhramov adına Respublika stadionuna gəldiz. Hansı hissləri keçirdiz?
- Yaxşı hisslərdir. Stadion dəyişib və indi daha gözəldir.
- Matçın 70-ci dəqiqəsində Höccət Haqverdini meydana buraxmağa hazırlaşırdız. "Neftçi" o qədər acizdir ki, 70-ci dəqiqədə beşli müdafiəyə keçməyi planlaşdırır?
- Beşli müdafiəyə keçmək strategiya idi. Amma keçmədik.
- Aaron Olanare "Neftçi"yə xeyir verəcək? Onu komandada müqaviləsinə görə saxlayırsız, yoxsa perspektiv vəd etdiyinə görə?
- Bu gün "Neftçi"də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Olanarenin performansına gəlincə, söhbət təkcə ondan getmir. Ümumi hücumçulardan gedir. İstəyərdim ki, qollar vursunlar.