Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zirə" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş qərb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qonaq komandanın təcrübəli qolkiperi Kamal Bayramovla əlaqə saxlayıb zədələnməsinə səbəb olan qol epizodu bərədə fikirlərini öyrəndik.
Sportliqa.az xəbər verir ki, Bayramovun Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə, həmin epizod qayda pozuntusudur. Birmənalı olaraq təhlükəli oyun idi. Bunu mən yox, hər kəs deyir. Təsəvvür edin ki, baş nahiyəmdən zərbə almağıma 3-5 santimetr çatmadı. Rəqib hücumçunun zərbəsi başıma dəysəydi, Allah bilir nələr olacaqdı.
Qərəz və yaxud qərəzsiz, itirən biz olduq. Əsəbləşirik, danışırıq, bunun da səbəbi var. Bilirsiz, yaxşı azarkeş dəstəyimiz var. Hərdən onlar da aqressivləşirlər və inciyirlər. O qədər insanın üstümüzdə məsuliyyəti var. Bu cür qərarlar onları bizdən incik salır. Hələ görmədim ki, bir hakim çıxıb desin ki, "bu itirilən xallarda komandanın günahı yoxdu. Biz səhv etmişik, üzrlü sayın". Mən və yaxud bir başqa kimsə danışanda inciyirlər. Qardaş, sizin verdiyiniz qərardan sonra bizim xalımız itir. Azarkeşlərimiz küsür. Futbolçunun ömründən gedir".