"Neftçi"nin yeni baş məşqçisi Miodraq Bozoviç yerli oyunçu limitini keyfiyyətli futbolçularla doldurmaq istədiyini rəhbərliyin diqqətinə çatdırıb.
Sportliqa.az xəbər verir ki, monteneqrolu mütəxəssis Rusiyada "Krılya Sovetov"u çalışdırarkən rəhbərliyi altında oynamış Ramil Şeydayevin keçidini "ağ-qaralar"ın rəhbərliyindən istəyib.
O, yaxşı nəticələr qazanmaq üçün keyfiyyətli yerlilərin vacibliyini söyləyib. Monteneqrolu mütəxəssis Şeydayevi yaxşı tanıdığını və sisteminə olduqca uyğun gəldiyini bildirib.
Rəhbərlik bu keçidə söz verməsə də, Şeydayevi razı salmağa çalışacağını vurğulayıb.
Ramil hazırda Tailandın "Buriram Yunayted" klubunda çıxış edir. Onun bu komandada işləri heç də qaydasında getmir və son məlumatlara görə, Şeydayev Asiyada özünü xoşbəxt hiss etmir. 27 yaşlı hücumçu Asiya Çempionlar Liqasının qarşılaşmasında fiziki şiddətə məruz qalmasından sonra komandadan ayrılmağı belə ağlından keçirir. Bu səbəbdən onun Azərbaycana qayıtması olduqca real görünür.
Ramil Şeydayev ötən yay "Qarabağ"dan Tailand klubuna keçib.