6 ay əvvəl "Sabah"ı qalmaqallı şəkildə tərk edərək, Səudiyyə Ərəbistanına üz tutan Coy-Lens Mikels yenidən Azərbaycanda top qovmaq istəyir.
Sportliqa.az Pressing.az-a istinadən xəbər verir ki, almaniyalı sol cinah vingerinin agenti onu ölkəmizdə 3 kluba təklif edib.
Bunlar "Qarabağ", "Sabah" və "Neftçi"dir.
"Qarabağ" hətta yayda bu keçidi düşünüb. Ağdam təmsilçisi Mikelsi sıralarına qatmaq üçün "Sabah"a 450 min avro təklif edib. Lakin Almaniya vətəndaşlığını daşıyan oyunçu ərəb ölkəsinə üz tutmağı üstün sayıb.
İndi isə 29 yaşlı futbolçu Azərbaycana geri dönmək üçün "dəridən-qabıqdan çıxır". Bunun özəl səbəbi də var. Belə ki, futbolçunun xanımı ölkəmizin gözəlliyinə valeh olduğundan, Mikelsdən birlikdə Azərbaycana qayıtmağı tələb edir.
Bu səbəbdən də, almaniyalının agenti yuxarıda adlarını sadaladığımız klublarla danışıqlar aparır. "Neftçi" artıq bu barədə qərarını verib. "Ağ-qaralar" bu keçidə müsbət yanaşmayıb və onun transferindən imtina edib.
Bizdə olan məlumata görə, Mikels hətta qalmaqalla ayrıldığı sabiq klubu "Sabah"a da qayıtmağa isti yanaşır və bu keçidin həll edilməsini istəyir.
Qeyd edək ki, adıçəkilən oyunçu hazırda Səudiyyə Ərəbistanı ll liqasında mübarizə aparan "Əl-Faysal" klubunda çıxış edir.