“Səbail”in futbolçusu Ağabala Ramazanov mart-aprel aylarında yenidən Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə "Report"a "dənizçilər"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra həkimlər yanvarın 20-də 31 yaşı tamam olacaq hücumçunun nə vaxt məşqlərə qoşulması ilə bağlı qərar verəcəklər: "Hələlik onun müalicəsi ev şəraitində davam edir".
Qeyd edək ki, Ağabala Ramazanov "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.