"Rakuv"un sabiq müdafiəçisi Mateuş Qoretski bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a qarşı Bakıda keçirdikləri cavab oyununu (2:2, ilk oyun - 3:2) xatırlayıb.
Sportliqa.az xəbər verir ki, aktiv futbolçu karyerasını erkən başa vuran 31 yaşlı məşqçi hazırda "Rakuv"da çalışır.
"Przeglad Sportowy" nəşrinə danışan polşalı Azərbaycan paytaxtındakı görüş haqda bunları deyib:
"Bakı hava limanından çıxanda ilk diqqətimi çəkən hava temperaturunun yüksək olması idi. Sanki kimsə mənə isti hava üfürürdü. "Rakuv"un futbol baxımından "Qarabağ"dan üstün olduğunu bilirdim. Qorxduğum tək şey belə şəraitdə rəqibin öhdəsindən gələ bilməyəcəyimiz idi. Axı bu, “Qarabağ” üçün daha bir sıradan gün idi. Bu matçda emosiyalar inanılmaz oldu. Həmin oyunda praktiki olaraq mən 90 dəqiqə yerimdə oturmadım".