“İstirahət yerinə düşdü, indi isə böyük həvəs və enerji ilə bizi gözləyən oyunlara hazırlaşmaq vaxtıdır”.
Sportliqa.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Yassin Benzia təlim-məşq toplanışı haqda danışarkən deyib.
“Köhlən atlar” fasiləyə qış çempionu kimi yollandı.
Ölkə kubokunda da mübarizəni 1/4 finalda davam etdirəcək. Və ən vacibi Avropa Liqasının yaz sezonunda “Braqa” ilə münasibətlərinə aydınlıq gətirməlidir.
Maraqlıdır, toplanışın ölkə xaricində yox, daxilində keçirilməsi hazırlığa təsir etməyəcək? 20 günlük məşq prosesi ağır dönəmə hazırlaşmağa kifayət edəcək?
29 yaşlı fransalı yarımmüdafiəçi ümidlidir:
“Harada məşq etməyin xüsusi önəmi yoxdur. Önəmli olan məşqçilər heyətinin tapşırıqlarını səylə yerinə yetirmək və düzgün istiqamətdə hazırlaşmaqdır. Həmişə olduğu kimi, bu dəfə də tapşırıqların öhdəsindən gələcəyimizə inanıram. Bəli, qarşımızda ciddi məqsədlər var. Qarşıda bizi çətin və məsuliyyətli 5 ay var. Premyer Liqanı çempion qismində başa vurmaq, ölkə kubokunu qazanmaq istəyirik. Klub tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlmişik. “Braqa” Çempionlar Liqasından gəlib, kifayət qədər güclü rəqibdir. Amma biz də zəif komanda deyilik. Avropa Liqasında mümkün qədər irəli getməklə yarışı uğurlu başa vurmaq istəyirik”.
“Qarabağ” 19-cu turda “Araz-Naxçıvan”la qarşılaşacaq. “Braqa” ilə oyunlar fevralın 15-də Portuqaliyada, bir həftə sonra Bakıda keçiriləcək.