"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Ağdam təmsilçisinin sıralarını tərk etməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı futbolçu Çinin "Şanxay Şenxua" klubu ilə danışıqlar aparır. Kabo-Verde millisinin üzvü Asiya təmsilçisindən olduqca sərfəli təklif alıb.
Andradenin meneceri Pressing.az-a açıqlamasında futbolçunun Çin klubundan "yox" deyə bilməyəcəyi təklif aldığını bildirib:
"Leandronun "Qarabağ"la müqaviləsində 2,5 milyon avroluq sərbəstqalma bəndi var. Çin klubu isə 2,6 milyon təklif edib. Bu da "Qarabağ" üçün böyük satış olacaq, çünki oyunçunun bazar dəyəri 1,2 milyon avrodur. Andradenin isə imtina edə bilməyəcəyi maaş təklifi olacaq. O, "Qarabağ"da yaxşı çıxış etsə də, həyatının bu mərhələsində belə bir təklifdən imtina edə bilməz. Leandro artıq "Qarabağ"dan ayrılmaqda maraqlı olduğunu göstərir, çünki o, yüksək maaş alacaq və Çin klubunun ona təklif edə biləcəyi müqavilə ilə özü və ailəsinin həyatını dəyişəcək".
Bildirək ki, Leandro Andradenin "köhlən atlar"la 2025-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.