Ötən gün "Qarabağ"la "Zirə" arasında keçirilən yoxlama matçı (4:0) gərgin anlarla yadda qalıb.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin təcrübəli futbolçusu Abdullah Zubir əsəblərinə hakim ola bilməyərək, "qartallar"ın sağ cinah vingeri Salifu Sumaya təpik zərbəsi endirib. Bu insident isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Maraqlıdır, meydançada soyuqqanlı və sakittəbiətli biri kimi tanıdığımız Zubiri buna vadar edən nə olub?
Məsələ ilə bağlı Pressing.az-a maraqlı informasiya daxil olub. Sən demə, fransalı vingeri buna məcbur edən Salifu Sumanın ona qarşı təhqiramiz ifadələr işlətməsi olub. Belə ki, hər iki oyunçu fransızdilli olduğundan, Zubir həmkarının dilə gətirdiyi qeyri-etik ifadələrə qəzəblənib və onun üzərinə şığıyıb. Mübahisə dərinləşincə, fransalı oyunçu Sumaya təpiklə zərbə vurub.
Əldə etdiyimiz digər bilgiyə görə isə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da artıq bu hadisə ilə bağlı ölçü götürüb. Belə ki, "Qarabağ"da çıxış etdiyi dövrdə Zubirlə çiyin-çiyinə oynayan, onun xarakterinə yaxşı bələd olan Sadıqov sərəncamındakı futbolçunun hərəkətinə biganə qalmayıb.
Mütəxəssis "Zirə" klubunun daxili inzitam kodekslərinə uyğun olaraq Salifu Sumanı cəzalandırıb.
Elsevər Muradzadə