“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasovun müsahibəsini təqdim edirik:
- Bu mövsüm çempionatda qış fasiləsi az oldu. 14 günlük Antalya toplanışını necə dəyərləndirirsiniz?
- Bəli, bu il istirahət də az oldu. Toplanış isə həmişə ağır keçir. Vaxtımız az olduğu üçün yükləmələr tez başladı. Yoxlama oyunları sıx qrafiklə keçirildi. Təbii ki, bunlar çətindir, amma bizim üçün faydalı olacaq. Çünki növbəti dövrələrə hazır olmaq üçün yaxşı toplanış keçmək vacibdir. Xırda zədələr oldu, bəzi futbolçular oynaya bilmədilər. Bununla belə, toplanışdan razı qaldım.
- Üç yoxlama oyunu keçirdiniz və hər birində rəqib qalib gəldi. Sınaqlardan çox istifadə etdiniz, yoxsa rəqiblər güclü idi?
- “Voluntari” (Rumıniya) ilə oyunda ayrı-ayrı heyətlə oynadıq. Çünki ilk matçmız idi, futbolçular tam hazır deyildi. Risk etmək istəmədik. Ümumən rəqiblərimiz yaxşı komandalar idi. Özümüz güclü komandalar seçmişdik. Təbii ki, oyuna çıxırsansa, udmaq istəyirsən, amma rotasiyalar, oyuna yanaşma çempionat matçı kimi olmur. Bu da nəticəyə təsir edir. İlk oyunda bəzi futbolçuları sınaqdan keçirdik. İkinci oyun Özbəkistanın ən yaxşı komandası olan “Nasaf”la oldu. Ümumi götürsək, oyunlarımız pis keçmədi. Amma məğlub olmuşuqsa, səhvlərimiz var. Demək ki, bunları tez bir zamanda aradan qaldırmalıyıq.
- Premyer Liqada fasilədən sonra ilk oyununuz “Kəpəz”ə qarşı olacaq. Komanda çempionata nə dərəcədə hazırdı?
- Onsuz da, hazır olsaq da, olmasaq da, oynamalıyıq. Vaxtımız yoxdur. Təbii ki, ilk 2 tur hər bir komanda kimi, bizim üçün də ağır keçəcək. Bundan sonra isə inanıram ki. komanda Ideal formasına düşəcək.
- “Neftçi”nin futbolçuları İsmayıl Zülfüqarlı və Fərid Yusifli “Turan Tovuz”a qoşulub. Onlar icarəyə götürülüb?
- Bəli, hər ikisi mövsümün sonuna qədər bizimlə olacaq.
- Bu futbolçuları birdəfəlik transfer edə bilərsiniz?
- Biz də bunu istəyirik. Hər ikisinin böyük potensialı var. Ancaq bununla bağlı qərarı “Neftçi” verəcək. Şərtimiz belə olub ki, “Neftçi”nin razılığı olarsa, futbolçular komandada qalacaqlar.
- Yeni transfer olacaq?
- Hələ ki, real bir şey yoxdur. Düzdür, danışıqlar apardığımız futbolçular var idi, amma alınmadı. Onlar Azərbaycana gəlməkdə tərəddüd etdilər. Çünki daha yaxşı çempionatlarda oynayırlar. Biz transfer edəndə təkcə bu mövsümü düşünmürük. Elə futbolçular dəvət etmək istəyirik ki, onlar bizə gələn mövsüm də kömək etsinlər. Belə futbolçu olmasa, transfer edilməyəcək. Bizə əsas vacib olan öz heyətimizi qorumaqdır.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Orta xətt və cinahları.
- Bilmək olar Azərbaycanda oynamaq istəməyən futbolçular hansı ölkələrdə çıxış edirlər?
- Belçika və ABŞ-da oynayan futbolçular idi. Risk etmək istəmədilər.
- Sərtan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi necə baş verdi?
- Əslində belə bir fikir yox idi. Türkiyə toplanışında olarkən bir anda baş verdi. “Manisa” onu istədi, Sərtan da mənə yaxınlaşıb danışdı. Əvvəlcə biz klub olaraq müzakirə etdik. Çünki hazırda yerli futbolçunu itirmək istəmirdik. Amma futbolçu çox inad elədi, biz də onun qarşısını kəsmədik. Şərait yaratdıq ki, istədiyi yerdə oynasın.
- Ümumiyyətlə, son zamanlar azərbaycanlı futbolçuların Türkiyəyə axını var. Bu barədə nə düşünürsünüz?
- Bəli, bu gün milli komandamızın gənc üzvləri Türkiyəyə gedirlər. Əslində Türkiyə 1-ci liqası özü də çətin çempionatdır. Sabit çıxış edən komandalar var. Rəhbərlik tələbkardır, tez-tez məşqçi dəyişiklikləri olur. Mən də baxıram ki, bu mövsüm bizim futbolçularımız Türkiyədə oyun şansı qazanırlar, özlərindən söz etdirirlər. Bu isə Türkiyəyə axını daha da artıracaq. Ramil Şeydayevin də Türkiyə 1-ci liqasına getməsi bizim futbolçular üçün maraqlı oldu. 1-2 futbolçu yaxşı çıxış edəndə həmin ölkənin oyunçularına maraq daha da çoxalır. Bu da normaldır.
- Ramil Şeydayevdən soz düşmüşkən, onun Türkiyənin 1-ci liqa təmsilçisi “Kocaelispor”a keçidini necə qiymətləndirirsiniz?
- Ramil Şeydayev elə bir formada idi ki, mən onu daha iddialı klbularda, daha yaxşı çempionatlarda görmək istəyərdim. Çünki həqiqətən böyük bir potensiala malik futbolçudur. Amma təəssüf ki, belə bir qərar verdi. Yəqin ki, maddiyat o qədər rol oynadı ki, futbolçu buna risk etdi. Amma “Kocaelispor” da onun üçün yaxşı tramplin ola bilər. Orada yaxşı çıxış etsə, Superliqa təmsilçilərindən və ya başqa klublardan təkliflər ala bilər. Ramil bizim potensiallı futbolçumuzdur.(Qol.az)