Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən elita təmsilçiləri təlim-məşq toplanışı keçiblər.
Sportliqa.az xəbər verir ki, bəzi klublar ölkə xaricinə - Türkiyəyə üz tutublarsa, digərləri də Azərbaycanda hazırlaşıblar.
Toplanışı vətəndə keçirən klublardan biri də "Araz-Naxçıvan" idi.
"Qırmızı-ağlar"ın sol cinah müdafiəçisi Turan Manafov Pressing.az-a açıqlamasında komandasının qış hazırlığı haqda danışıb:
"Toplanışımız Azərbaycanda oldu. 4-5 günlük Qəbələ şəhərinə yollandıq. Ümumilikdə hazırlıq pis keçmədi. Düzdür, iki matçda məğlubiyyətlə üzləşdik, amma yoxlama oyunlarıdır deyə, nəticə elə də önəm kəsb etmir. Həm də bu qarşılaşmalara tam konsentrasiya ola bilmirsən. Yoxlama oyunları zamanı çatışmayan cəhətləri də müəyyənləşdirdik. Bir sözlə, toplanış pis keçmədi".
25 yaşlı futbolçu fasilədən sonra da tempi qoruyub saxlamağa çalışacaqlarını bildirib:
"Bir neçə gün sonra çempionatda fasilə bitir. Çalışacağıq ki, fasilədən əvvəlki tempi saxlayaq. Nəinki saxlamaq, daha da artırmağa çalışacağıq. Bizi qarşıda çox sıx qrafik gözləyir. Həm kubok, həm də çempionat oyunları var. Zədəlilərimiz də oldu, lakin buna baxmayaraq, qış hazırlığımız pis keçmədi. İkinci yarıda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".