“Qəbələ”nin müdafiəçisi Lukas Afriko Portuqaliya mətbuatına “Qarabağ”dan danışıb. Braziliyalı ağdamlıların Avropa Liqasının pley-off mərhələsində “Braqa” önündə şanslarını dəyərləndirib.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı oyunçu “Qarabağ”la iki dəfə üz-üzə gəldiyini, hətta qol da vurduğunu xatırladıb: “Bəli, onlara qol vurmuşam. “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçular var, bəziləri Juninyo, Riçard Almeyda kimi Portuqaliyada oynayıb. Onlar “Braqa”nı yaxşı tanıyırlar. Bir-birinə yaxın gücdə, iki bacarıqlı komandanın dueli olacaq”.
Afriko “Qarabağ”ın güclü tərəfinin məşqçi olduğunu deyib: “Onların yaxşı baş məşqçisi var, keçidlərdə çox sürətlidirlər. Çox adamla hücuma keçirlər. Həm də müdafiə olunmağı bacarırlar və aqressivdirlər. Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşdük, nahar etdik. “Braqa” ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir”.