“Neftçi” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun müsahibəsini təqdim edirik:
- Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”la heç-heçə (0:0) etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?
- Çətin oyun alındı. Çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. “Sabah” bir neçə ildir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu da onların müsbət tərəfidir. Bilirdik ki, bizi çətin görüş gözləyir. Sona kimi mübarizə apardıq. Təəssüf ki, yekunda 1 xalla kifayətləndik.
- Sizcə, qələbə üçün nə çatmadı?
- Lazım olan qolu vura bilmədik. Bunun üçün isə rəqib qapısı önündə bir qədər daha iti olmalıyıq. Səhvlərimiz üzərində işləməli, çatışmayan cəhətlərimizi düzəltməliyik. İnanıram ki, tezliklə bundan yaxşı durumda olacağıq.
- Baş məşqçi vəzifəsinə Miodraq Bojoviçin gəlişi “Neftçi”də nələri dəyişib?
- Yeni baş məşqçinin öz tələbləri var. Bu da normal prosesdir. Antalyada Bojoviçin rəhbərliyi altında hazırlıq keçdik. Qısa müddətdə çalışdıq ki, onun istədiklərini maksimum dərəcədə yerinə yetirək. Hələ ki, Bojoviç komandada yenidir. Düşünürəm ki, zaman keçdikcə komanda onun istədiyi vəziyyətə gələcək.
- Oyundan öncə, yaxud matçın fasiləsində Bojoviç sizdən daha çox nə tələb edirdi?
- Ümumi götürsək, onun istədikləri hamısı taktiki gedişlər idi. Bu, komandadaxili məsələ olduğu üçün geniş danışa bilmərəm. Qısaca onu söyləyim ki, həftə boyu məşqlərdə baş məşqçinin istədiklərini reallaşdırmağa çalışmışdıq. Bojoviç çox tələbkardır. Hətta deyərdim ki, bizdən gözlədiyimizdən daha çox şey tələb edir.
- Adətən, “Neftçi” və “Sabah” arasındakı matçlar məhsuldar, gərgin keçir. Amma bu dəfə 90 dəqiqə ərzində bir qol belə izləmək mümkün olmadı. Sizcə, bu, nədən irəli gəlir?
- Hər iki komandada yaxşı, səviyyəli futbolçular toplaşıb. Tərəflərdən heç bir rəqibə qol epizodlarını dəyərləndirmək imkanı vermədi. Üstəlik, fasilədən sonra çempionatın ilk turu idi. Heç kim səhv etmək istəmirdi.
- Növbəti turda “Qəbələ”ni qəbul edəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- “Qəbələ”yə qarşı evdə oynayacağıq. “Sabah”la matçı səfərdə keçirsək də, azarkeşlərimiz bizi tək qoymamışdılar. 90 dəqiqə boyu bizə dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Ümid edirəm ki, “Qəbələ” ilə matçda tərəfdarlarımızın sayı daha çox olacaq. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bütün gücümüzü meydanda qoyacağıq ki, qələbə qazanaq.(futbolxeber.az)