"Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havadə uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. "Turan Tovuz"un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk".
Sportliqa.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 19-cu turunun "Turan Tovuz"la(2:1) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- "Kəpəz"in "Qarabağ"la matçdan sonra ev oyunlarını Bakıda keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə realdır?
- Bu barədə biz də mətbuatda oxumuşuq. Klub daxilində belə söhbət olnmayıb. Biz Gəncəyə yaxın bir yerdə oynamaq istəyirik.
- Mate Kvirkviya əvəzlənəndə narazı görünürdü. Bu, nə ilə bağlı idi?
- Hər futbolçu istəyir ki, 90 dəqiqə oynasın. Matenin narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq.
- Qələbəyə baxmayaraq, narazı qaldığınız məqamlar oldu?
- Narazı qaldığım məqamlar çoxdur. Həm müdafiədə, həm də hücumda narazılıqlar çoxdur. Amma istəmirəm ki, indi bu haqda danışım. Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Bu gün onların pozitiv əhvalda qalmasını istəyirik. Daha sonra təhlillərdə səhvlərini deyəcəyik.
- Bu gün hücumda Adama Nianeyə yox, Amil Yunanova şans verməyinizin səbəbi nə idi?
- Bu, rəqabətdir. Hər komanda qalib gəlmək istəyir. Rəqabətda daha yaxşı olan oyunçuya şans verəcəyik. Amil daha yaxşı və istəkli idi.
- Ayxan Abbasov 50-ci dəqiqədə Vüsal Məsimova qırmızı vərəqə göstərilməli olduğunu dedi. Siz həmin epizodu necə şərh edərdiniz?
- Bu, futboldur. Çox şərh vermək istəmirəm. Hakimlər də insandır, onların da səhvi ola bilər. Mən demirəm ki, səhv ediblər. Hakimlər nə qərar verirsə, onunla razılaşırıq.