"Sabah" klubu Azərbaycan Premyer Liqasının 19-cu turunun açılış oyununda ötən gün doğma divarlar arasında "Neftçi" ilə üz-üzə gəlib - 0:0.
Sportliqa.az xəbər verir ki, Masazır təmsilçisinin mərkəz yarımmüdafiəçisi Ayaz Quliyev matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.
- İlk olaraq oyunla bağlı danışardın.
- Hər iki komanda çox istəkli idi. Həm bizim, həm də rəqibin fərqlənmək üçün imkanları oldu. Birinci hissədə bizim qol fürsətlərimiz daha çox idi. Lakin əvəzində rəqibin birinci hissədə əldə etdiyi qol imkanı daha real idi. Buna baxmayaraq, istifadə edə bilmədilər.
- Səncə, matçın ədalətli nəticəsi heç-heçə idi?
- Ümumi götürsək, bizim qol imkanlarımız rəqibdən bir qədər daha çox oldu. Ancaq buna rəğmən, fikrimcə, heç-heçə ədalətli nəticə idi.
- Aleksey İsayevin gedişi komandanın oyununa necə təsir etdi?
- Alekseyə gələcək karyerasında uğurlar arzulayıram. Onunla bir komandada oynamaq mənim üçün xoş idi. Onun kimi mən də mərkəz yarımmüdafiəçisiyəm və bu mövqedə oynamaq mənim üçün çətin deyil.
- Növbəti turda "Zirə" səfərinə yollanacaqsız. Bu oyundan gözləntin nədir?
- Hansı komanda ilə oynamağımızdan asılı olmayaraq meydana 3 xal qazanmaq üçün çıxırıq. Çətin oyun olacaq. Lakin bu matçda da məqsədimiz dəyişməyib. Rəqib yaxşı baş məşqçiyə, yaxşı futbolçulara, özünəməxsus xarakterə malik olan komandadır.