"Zirə" klubu Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində ötən gün səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.
Sportliqa.az xəbər verir ki, "qartallar"ın yeni transferi Rafael Utsiq matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Oyunla bağlı fikirlərini öyrənək...
- Bir az çətinliyimiz oldu. Süni ot örtüyü və küləkli hava şəraiti işimizi xeyli çətinləşdirdi. Bütün bunlara rəğmən, yenə də qələbə qazana bilərdik, amma alınmadı.
- "Zirə"nin heyətində Premyer Liqada debüt etdin. Təəssüratların necədir?
- Artıq adaptasiya prosesim yekunlaşmaq üzrədir. Koreyadan gəlib, yenidən Azərbaycanda oynadığıma görə məmnunam. Oyundan-oyuna yaxşıya fokuslanmalıyıq. Ümid edirəm, növbəti matçda 3 xal qazana bilərik.
- Hazırkı situasiyada həm çempionat, həm də kubokla bağlı gözləntilərin nədir?
- Bir komanda olaraq çalışacağıq ki, çempionatın ikinci hissəsini mümkün qədər yuxarı pillələrdə başa vuraq. Kuboka isə mümkün qədər mərhələ qət edək. Şəxsi hədəflərimə gəldikdə isə, ilk növbədə istəyim 90 dəqiqə meydanda qalmaqdır.
- Rəşad Sadıqov mətbuat konfransında dedi ki, zədə ehtimalı böyük olduğu üçün Utsiqi əvəzlədim. Sən nə düşünürsən?
- Təbii ki, bu, məşqçinin qərarıdır. Matçdan öncə də individual olaraq fiziki vəziyyətimlə bağlı söhbətimiz olmuşdu. Düşünürəm ki, 3-4 oyundan sonra ideal fiziki vəziyyətimi bərpa edib, daha çox meydanda qala biləcəm.