"Məsələyə futbol prizmasından yanaşsaq, Ramilin "Kocaelispor"a keçidi, Tailandda qalmağından daha yaxşıdı. Ancaq o da var ki, Şeydayev futbolu, karyerasını fikirləşsəydi, əvvəlcədən Asiyaya yollanmazdı. Belə çıxır ki, Ramil üçün bu gün ən vacibi puldu".
Sportliqa.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu və hazırda "Qarabağ"ın futbol akademiyasında çalışan Rəşad Sadiqov bildirib.
Veteran futbolçu Şeydayevin Türkiyəyə dönüşünə də toxunub: "Fikrimcə, Şeydayevin Tailanda gedişi yanlış addım idi. Türkiyəyə dönməklə bəlkə də səhvini "sığortaladı". "Kocaelispor" Super Liqa təmsilçisi olmasa da, iddialıdı və bu da Ramilin göz önündə olması deməkdi".
Sadiqov sonda həm Premyer Liqa klublarının qış transferlərini dəyərləndirib, həm də mövsümün qalan hissəsi ilə bağlı fikirlərini bölüşüb: "Qış fasiləsində heyəti gücləndirmək bir qədər prosesdi. Çünki, keyfiyyətli futbolçuların demək olar hamısının hansısa klubla müqaviləsi var. Bu səbəbdən yanvarda diqqətçəkən keçid gözləməyə dəyməz. Şanslara gəlincə, məncə, "Qarabağ"a rəqabət yaradacaq kollektiv olmayacaq. "Qızıl"ın taleyi böyük ölçüdə məlumdu. Avrokuboklara vəsiqə verən digər 3 yer uğrunda isə gərgin mübarizə gedəcək".