"Neftçi"dən maraqlı informasiyalar gəlməkdə davam edir.
Sportliqa.az-ın məlumatına görə, "ağ-qaralar"ın yeni rəhbərliyi uğursuz nəticələr fonunda komandadan incik düşən azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq sevdasına düşüb. Və təbii ki, ilk olaraq bununla bağlı şou-biznesin içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən "Neftçi"nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.
Klubun sözçüsü isə ilk növbədə prodüseri olduğu xalq artisti Miri Yusifi önə çəkib. Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.
Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün xalq artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.
Məbləğ isə heç də az deyil. Belə ki, SOCAR-dan "Neftçi"yə ayrılan milyonlardan nə az, nə çox - 21,480 AZN şou-biznes nümayəndəsinin hesabına köçürülüb.
Elsevər Muradzadə