"İlk hissədə yaxşı "Səbail" görmədik. İrəlidə kəskinlik çatışmır. Ucuz qollar buraxırıq. Bu, məni çox üzür. Komandada zədəlilər də çoxdur. Yeni transferlərimiz də oynayır. Zamana ehtiyac var. İkinci hissədən çox razıyam. Komandamı uğursuz saymıram. Qarşıda daha yaxşə "Səbail" görəcəyik. "Turan Tovuz" çox yaxşı motivasiya olmuşdu".
Sportliqa.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 20-ci turunun "Turan Tovuz"la(2:1) matçından sonra keçirilmiş mətbuat konfransında deyib. Təcrübəli məşqçi jurnalistlərin suallarını da cavablandırıb.
- "Turan Tovuz"un ikinci qolu haqda nə deyə bilərsiniz?
- Hakimlər də səhv edə bilər. Amma biz belə şeylərə köklənsək, itirəcəyik. Sonrakı proseslər mənasızdır. Məğlubiyyətin əsas səbəbi bizik. Səbəbi kənarda axtarsaq, bu, bizə uğur gətirməyəcək. Uşaq səhvləri etdik. Amma komanda sınmadı. İkinci qolu da vura bilərdik.
- Otto Con müdafiəni çox rahat keçirdi. Bu, beşli müdafiə oynamağınızla bağlı idi?
- Düz qeyd etdiniz. Səbəb kimi demirəm. Amma bəzi futbolçular olmadığı üçün sistemi dəyişmişəm. İkinci hissədə dördlü müdafiəyə keçdik. Bundan sonra müdafiədə səhvlər olmadı. Yeni transferlər formasını bərpa etdikdən sonra ritmə düşəcəyik.
- Sanki "Səbail"ə qarşı təzyiq var. Sizin oyunlarını olan günlər mətbuatda hakimlə bağlı fikirlər səslənir. Sizcə, bu düşününlmüş addımdır?
- Mən uşaq deyiləm. Hamısını başa düşürük. Ötən il, bu il bizə qarşı nə qədər haqsızlıq oldu? Kim necə istəyir, elə də yazır. Bəzilərinin işi bundan ibarətdir. Gücümüzü ora sərf etmirik. Mən mətbuata, hakimliyə fokuslanmıram. Təzyiq altında oynamağa öyrəşməliyik.
- Kərim Diniyevin şəxsi səbəblərə görə klubdan uzaqlaşdırıldığı deyilir. Bu, nə dərəcədə doğrudur?
- Sabah yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənmərəm.