"Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirnməyə çalışdılar. Oyunun sonlarında bir az konsentrasiya itdi. Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır. Bunun üçün də çalışırıq".
Sportliqa.az xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Adil Şükürov Premyer Liqanın 20-ci turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ" 10 nəfərlə oynayırdı. Amma sanki azlıqda olan tərəf siz idiniz...
- Məqsədimiz o idi ki, daha çox top saxlayıb vaxtımızı gözləyək və qol vuraq. Uşaqlar çalışdılar, amma alınmadı.
- Adama Nianenin "Səbail"ə keçəcəyi deyilir. Bu, nə dərəcədə həqiqətdir?
- Elə bir şey yoxdur. Adama bizim futbolçumuzdur. Onunla söhbət etmişik. Hələ ki, bizimlə davam edir.
- Demək olar ki, bu gün keyfiyyət əzmkarlığa qalib gəldi?
- Ümumi olaraq razıyam. Amma bu gün meydana daha çox mübarizə aparan futbolçuları buraxmışdıq.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Zubir meydana çıxandan sonra sağ cinahdan daha çox təqyiq oldu. Həmin epizodda ani diqqətsizlikdən penalti ilə nəticələndi.