"Qarabağ" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularıma təşəkkür edirəm. Oyunun sonuna kimi dinamikanı qoruyub-saxladılar. Qarşımızda istəkli bir komanda var idi. Üstünlüyümüz etdiyimiz rotasiyalarda idi. Əvvəlki oyunumuzdan üç gün vaxt keçmişdi. "Kəpəz"lə matçda rotasiya etmişdik. Meydanda hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi. "Sabah" yorğun görünürdü. Buna baxmayaraq, bu komanda məğlub olmağı sevmir. Hesab 4:1, 5:1 olandan sonra da qapımızda xeyli qol epizodları yaratdılar. Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər.
- Aleksey İsayevin heyətdə olmamağının səbəbi nədir?
- Aramızda centlmensayağı anlaşma olmuşdu ki, aramızdakı kubok oyunlarında Aleksey iştirak etməsin. Biz də danışığımıza əməl etdik.
- Çempionatın ən güclü komandalarından birinə böyük hesabla qalib gəldiz. Bunu nə ilə əlaqələndirirsiz?
- Belə hallar istənilən çempionatda həmişə olur. Hətta böyük oyunlarda belə nəticələr qeydə alınır. Biz arxayınlaşmalı deyilik. Bu gün belə hesab oldu, amma "Kəpəz"lə oyunda son saniyələrdə qələbə qazandıq. Futbolda bəzən bizim düşünmədiyimiz nəticələr olur.
- Oyun ərzində temp aşağı düşmədi. Demək olar ki, komandanı "Braqa" ilə oyuna hazırlayırsız?
- Ümumən oyunun tempini 90 dəqiqə qorumağa çalışırıq. Sadəcə, bəzən səni rəqib də buna məcbur edir. Açıq oyun gedəndə temp yüksək olur. Amma qapanan rəqiblərlə matçda tempi yüksək saxlamaq heç də asan deyil. Sevindirici hal odur ki, futbolçular məcbur olduqda sürətlərini qoruyub-saxlaya bilirlər. Bu gün biz sırf çempionat haqda düşünürük. "Braqa" da bu cür oyunu xoşlayır. Onlar hətta daha intizamlı, sürətli və səliqəli oynayır. Bu gün sürəti hücumda istifadə edə bildik. Amma "Braqa" ilə matçlarda ola bilər ki, biz bu sürətə müdafiədə tab gətirək. Bizi geriyə daha tez qayıtmağa məcbur edə bilərlər. Komandamdan daha artığını gözləyirəm. İl ərzində 4-5 belə oyun olur.
- Zubir bu gün "10 nömrə" mövqeyində çox yaxşı idi. Sizcə, o hansı mövqedə daha effektivdir?
- Zubir solda oynamasına baxmayaraq, mən ondan "10 nömrə" kimi də istifadə edirəm. Onda bu qabiliyyət var. Çox oyunlarda bizdə meydanda iki "10 nömrə" olur.
- Mateus Silva 30-35 dəqiqə mərkəz müdafiəçisi kimi oynadı. Bunun səbəbi nə idi?
- Bəzi oyunçular olur ki, onda o potensialı görürsən və bəzi oyunlarda lazım olanda ondan istifadə edə bilirsən. Mateus da onlardan biridir. Onu mərkəz müdafiəçisi kimi görmək mənim üçün maraqlı idi. Maksim də sağ cinah müdafiəçisi idi. Yavaş-yavaş mərkəz müdafiəçisi oldu. Sanki, Mateusda bu qabiliyyət var.
- Adama Diakabidə işıq görürsüz?
- Onun futbolçu bacarıqlarına şübhə yoxdur. Sadəcə, Diakabinin bəzən mikrozədələri olurdu. Yaxşı səviyyəyə gəlib çatırdı, sonra zədə onu geri salırdı. Yanvar ayından sonra sağlam formada qayıdıb. Hələ ki, problemi olmayıb. Hiss olunur ki, idman formasını yaxşılaşdırır. Bu tempdə davam etsə, daha faydalı olar. Bu, baş versə, yenidən futbola qayıdar. Ən yaxşı vaxtlarında futboldan uzaq qalıb. Oynamamağı onun üçün böyük zərbə idi. Ustalığını lazım olanda dərhal göstərə bilir.