"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Kəpəz"ə 1:3 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Həm kubok, həm çempionatda oynamaq çətindir. Uşaqlar həm oyunlarını, həm də performanlarını itirirlər. Oyun barədə çox şey demək istəmirəm. İki standard vəziyyətdən qol buraxdıq. Oyunun əvvəlində qol epizodlarını dəyərləndirə bilmədik. Əsas problem budur.
- Ən zəif oyununuzu keçirdiyinizi demək olar?
- İlk 20 dəqiqədə yox, amma ondan sonra demək olar. Yorğunluq öz təsirini göstərir. Mənim üçün ən zəif oyunumuz idi.
- İki müdafiəçinin olmaması oyununuza təsir etdi?
- Abdulla Rzayevin köhnə zədəsi var. Amma İqor Rodriqes qrip virusuna yoluxub. İki əsas heyət oyunçusunun olmaması təsir edir.
- Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?
- Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Rotasiyalar edə bilmirik. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.