Bir neçə gün əvvəl Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən "Neftçi TV"nin qarşıya qoyulan öhdəlikləri yerinə yetirmədiyi üçün platforma yayım lisenziyasının ləğv edilə biləcəyi ilə bağlı xəbər yayılmışdı.
Sportliqa.az xəbər verir ki, məsələ ilə bağlı Pressing.az saytına Azərbaycan Respublikası Audiovizual Şurasından açıqlama verilib.
Qurumdan bu məsələyə baxıla biləcəyi vurğulanıb:
"Azərbaycan Respublikası Audiovizual Şurasının (qısa olaraq: Şura) elektron poçtuna 27 yanvar 2024-cü il tarixdə daxil olmuş sorğunuza tərəfimizdən baxılmışdır. Sorğunuzda qeyd olunan suallarla bağlı aşağıdakıları bildiririk:
1.Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən “Neftçi Media” MMC-yə (redaksiya adı: “Neftçi TV”) 14 iyun 2023-cü il tarixli PY-013 nömrəli peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir. “Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Şura tərəfindən audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının mütəmadi, platforma yayımçılarının (o cümlədən, “Neftçi TV”) proqramlarının isə vaxtaşırı monitorinqləri aparılır.
2024-cü ilin yanvar ayında aparılmış aralıq monitorinq nəticəsində “Neftçi TV” tərəfindən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 30.6-cı maddəsinin tələbinin (platforma yayımçısı gündə minimum 6 saat yayım həyata keçirməlidir) yerinə yetirilmədiyi aşkarlanmış, bununla əlaqədar “Neftçi TV”-yə qeyd olunan tələbin təmin edilməsi zəruriliyi bildirilmişdir. Yayımçı tərəfindən tələbin yerinə yetirilməsi üçün müəyyən zaman istənilmişdir.
2.“Neftçi TV” tərəfindən “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi yerinə yetirilmədiyi təqdirdə Şura tərəfindən verilmiş lisenziyanın dayandırıması və ya ləğv edilməsi məsələsinə baxıla bilər".
Elsevər Muradzadə