“Səbail” klubunun hücumçusu Süleyman Alluşun Sportliqa.az saytına müsahibəsini təqdim edirik:
- Premyer Liqanın XXII turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdiniz. “Səbail”in 2024-cü ildəki ilk qələbələsini necə şərh edərdiniz?
- Bizim üçün yaxşı oyun oldu. Xüsusən ikinci hissədə gözəl futbol sərgilədik, həm hücumda, həm də müdafiə xəttində. Oyunun gedişatını istədiyimiz məcraya dəyişə bildik. Həm mənim üçün, həm də komandam üçün yaxşı oyun oldu.
- Dubl etməklə həm yeni komandanızda qol hesabınızı açdınız, həm də qələbədə böyük pay sahibi oldunuz. Təəssüratlarınız necədir?
- 2 qol vurmağım mənim üçün çox xoş oldu. Komandama faydalı olduğum üçün sevincliyəm. Bu qolları vurduqdan sonra özgüvənim daha da artacaq.
- Demək olar ki, artıq “Səbail”ə uyğunlaşma prosesini geridə qoymusunuz?
- Özümü “Səbail”də çox yaxşı hiss edirəm. Bir qədər adaptasiyaya vaxt lazım idi. Çox sağ olsun komanda yoldaşlarım ki, bu baxımdan mənə kömək oldular.
- “Səbail”dən təklif gələrkən Azərbaycan futbolu haqda hansı məlumatları əldə etdiniz?
- Bura gəlməmişdən qabaq komanda yoldaşım, həmyerlim Anas Najahla danışdım. O, mənə bütün lazımi məlumatları verdi. İstər “Səbail”, istərsə də Azərbaycan futbolu haqda kifayət qədər müsbət fikirlər səsləndirdi. Burada olmaqdan, “Səbail”in formasını geyməkdən çox məmnunam.
- Bugünkü qələbənin ardını gətirmək üçün “Səbail”ə nə lazımdır?
- Fikirləşirəm ki, qələbələrin sayını artırmalıyıq. Futbol oynamaq istəyirsənsə, ilk növbədə aqressiv olmalısan. Eləcə də oyun planını başa düşməlisən. İstər hücumda, istərsə də müdafiədə necə çıxış etmək lazım gəldiyini bilməlisən.
- “Səbail”dəki şəxsi hədəfləriniz nədən ibarətdir?
- Çempionatın ən yaxşı futbolçuların biri olmaq istəyirəm. Bilirəm, bunu eləmək çətindir. Amma mən qarşıma qoyduğum hədəfə çatmaq üçün gələni edəcəm. “Səbail”in uğurlarında pay sahibi olmaq istəyirəm.
Elsevər Muradzadə/Qəbələ