"Səbail" klubu Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik.
- "Səbail" bir çox matçlarda ikinci hissədə yaxşı futbol oyanır. Bunu 90 dəqiqə etmək üçün nə çatmır?
- İki məqam var. Biri psixoloji amil, digəri funksional hazırlıqdır. Uşaqlar yaxşı fiziki hazırlıq keçiblər. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur.
- Sanki yerli oyunçular olmasa, "Səbail" daha yaxşı nəticələr göstərər. Bu, sizin də ağlınıza gəlmir?
- Bu komanda neçə ildir Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq "Səbail" qapazaltı deyil. Razıyam, yerli seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdir ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edirlər. Pafos da olsa, deyəcəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.
- Azər Bağırov bildirdi ki, 2 xal itirdik. Siz necə düşünürsünüz?
- Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail".
- Fasilədə əvəzetmə etmədiz, amma oyunu dəyişə bildiz. Futbolçulara nə dediz?
- Futbolçuların intellektual keyfiyyətləri çox yüksəkdir. Futbolçuları qışqırmaqla başa salmaq olmur. Onların potensialına inanıram. Dedim ki, uduzsaz da, futbol oynayın.
- Ölkədə olan yerli futbolçuların ən yaxşıları "Qarabağ"dadır. Bu problemi necə həll etməyi düşünürsünüz?
- Bu mövsüm yaxşı yerləri tutsaq, layihəniz var. Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir.
- Bu şəraitlə futbolçu yetişə bilər?
- Bizim akademiyada olan şərait heç bir komandada yoxdur. Uşaqların yeməklərinə, geyimlərinə baxın. Bəli, bir meydançada 17-18 komanda inkişaf edə bilməz. Saat 11-ə qədər burada məşqlər gedir. Stadionumuzun ot örtüyü təbii olacaq. Yaxın ərazidə məşq etmək üçün iki meydança tikiləcək. Əhmədlidə akademiya üçün yerimiz var. Bunlar olsa, komanda yox, klub oluruq. "Turan Tovuz" və biz süni meydançada oynayırıq. Bu da zədələrə səbəb olur.