"Belə stadionda oynamaq xoş oldu. Çünki Sumqayıt şəhər olaraq haqq edirdi bu cür stadionu. Premyer Liqanın bütün klublarında bu cür stadionların olması, çempionatımıza rəng qatacaq. Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. "Sumqayıt" qış fasiləsindən sonra yaxşı start vermişdi. "Neftçi"ni də məğlub etmişdilər. Bu gün qol olmasa da, meydanda hər saniyə mübarizə getdi. Taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda bir az da soyuqqanlı olsaydıq....Ən yaxşı epizodlar bizdə oldu. Bu dəqiqə çempionatın önəmli anındayıq. Həm rəqibi uzaqlaşmağa qoymadıq, özümüz də həmin yerlərə qalmağa çalışırıq. Gələcək oyunlara hazırlaşacağıq. "Sumqayıt"a da uğurlar".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 23-cü turunun "Sumqayıt"la(0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib.
O, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu misal çəkərək, bölgələrimizdə də müasir stadionlara ehtiyac olduğunu bildirib:
"İnanın, bu gün keçirdiyimiz oyun Türkiyə stadionlarının birində, dolu tribunalar qarşısında keçirilsə.. Futbolumuza yaxşı meydançalar lazımdır. Görünüş də önəmlidir. Futbolumuzun inkişafını istəyiriksə, bunların hamısı şərtdir. Paltardəyişmə otağına girirsən, müasir, geniş, hər bir şərait var. Legionerlər də g əlir futbolumuza. Elə stadionlarımız var ki, futbolçularımız bir-birimizə deyir ki, balaca o tərəfə çəkil, rahat dəyişək. Bunların hamısı vacibdir. Biz də istəyərik və ümid edirik ki, Tovuzda, Gəncədə, bölgələrdə belə stadionlar olacaq".