“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Ludoqorets”lə (Bolqarıstan) keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Sportliqa.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
“Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq.