2018-ci ildən çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Zeynal Zeynalovla yollar ayrılıb.
Lakin mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında yox, müəmmalı şəkildə xitam verilib. Bu 7 il ərzində milli komanda ilə uğurlu nəticələrə imza atan Zeynalov gözlənilmədən postundan uzaqlaşdırılıb.
Məsələ ilə bağlı Pressing.az-a danışan mütəxəssis milli komandadan göndərilməsinin səbəbi kimi Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ilə aralarındakı şəxsi prinsipləri göstərib:
"Məni milli komandanın baş məşqçi postundan haqsızlıqla uzaqlaşdırıblar. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ilə aramdakı şəxsi prinsiplərə görə məni işdən çıxarıblar. Lakin onu deyə bilərəm ki, federasiyadan uzaqlaşdırılmalı bir nömrəli adam varsa, o da Fərid Novruzidir. Çünki o, indiyədək Azərbaycanda çimərlik futbolu üçün heç bir iş görməyib və təəssüf ki, illərdir çəkdiyimiz əziyyəti də yerə vurub".
Z.Zeynalov bu ayrılığın nəticələrlə heç bir əlaqəsi olmadığını bildirib:
"7 il idi ki, milli komandada baş məşqçi postunu icra edirdim. Bu müddət ərzində ölkənin idman ictimaiyyəti bilirdi ki, məşqçilər korpusu, futbolçular, ümumilikdə kollektiv olaraq hansı nəticələrə imza atmışıq. Sıfırdan komanda yaratdıq, pillə-pillə irəlilədik. Komandamızı B divizionundan A divizionuna daşıdıq. Lakin rəhbərlik əziyyətimizə dəyər vermirdi. Hələ bu azmış kimi, sonda da məni haqsız yerə milli komandadan uzaqlaşdırdılar".