
Bir neçə gün öncə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə bir məqam isə diqqətimizi çəkib. Belə ki, AFFA-nın rəhbər heyəti ilə birgə masa arxasında qurumda çalışmayan şəxslərdən biri yer alıb.
AFFA rəhbərliyi ilə bir arada görməyə öyrəşmədiyimiz həmin şəxs "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov olub.
AFFA-nın rəsmi saytında dərc olunan xəbərdə Seymur bəyin adı qeyd edilməsə də, onun yer aldığı foto yayımlanıb. Fəqət qısa müddət sonra həmin paylaşımın silindiyini, yeni paylaşımda isə Seymur Teymurovun şəkillərdən kəsilib çıxarıldığını müşahidə etdik.
Qəribəsi budur ki, məlumatda bir dəfə də olsun adı keçməyən Seymur Teymurovun olduğu foto niyə saytdan götürülüb?
Sportliqa.az olaraq bu müammanı araşdırmaq üçün AFFA-nın Mətbuat xidmətinə müraciət etdik. Lakin qurumdan sorğumuza cavab almaq mümkün olmadı.
Bəs Seymur Teymurov həmin görüşdə hansı məqsədlə iştirak edib? Ümumiyyətlə, sözügedən şəxsin görüşdəki funksiyasının nə olduğunu öyrənmək üçün suallarımızı səbəbkarın özünə – "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurova ünvanladıq.
Seymur bəyin cavabı isə bu cür oldu:
"Qeyd olunan görüşdə iştirak etmişəm və görüş mediada geniş işıqlandırılıb. Görüşdə AFFA, ASA və "Azərlotereya" ASC arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub".
O, fotosunun və adının AFFA-nın press-relizindən çıxarılmasının səbəbini isə bilmədiyini və bu barədə federasiyaya müraciət etməyin yaxşı olduğunu dilə gətirdi:
"Mətbuatda ad və fotom qeyd olunub, göstərilib. AFFA-nın saytında olmamasının səbəbini isə qurumdan soruşsanız, daha yaxşı olar".
Elsevər Muradzadə