
Bir neçə gün əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurovun AFFA rəhbərliyi ilə birgə Azərbaycan İdman Akademiyasındakı görüşdə iştirak etməsinə xüsusi diqqət çəkmişdik. Həmin görüşlə bağlı qurumun saytında dərc olunan məlumatda isə Teymurovun adına rast gəlməsək də, onun yer aldığı fotolar paylaşılmışdı. Amma çox keçməmiş, ildırım sürəti ilə Seymur bəy fotolardan kəsilib çıxarılmışdı. Bu da gözümüzdən qaçmayıb.
Bu müəmmanı araşdırmaq üçün ilk olaraq AFFA-nın Mətbuat xidmətinə sorğu göndərmişdik. Fəqət "Boz bina" səssizliyini pozmamış və cavab verməməyi lüzum görmüşdü. Bunun ardınca sualımızı səbəbkarın özünə – Seymur Teymurova ünvanlamışdıq. Adıçəkilən şəxs isə görüşdə iştirakını AFFA, ASA və "Azərlotereya" ASC arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirələrinə bağlamışdı. O, həm də mətbuatda ad və fotosunun qeyd edildiyini, AFFA-nın saytında olmamasının səbəbini isə qurumdan soruşmağı bizə məsləhət görmüşdü.
***
Bu müəmma ilə bağlı redaksiyamıza mötəbər mənbədən informasiya daxil olub. Sən demə, Seymur Teymurov AFFA-nın baş katibi Cahangir Fərəcullayevin media məsələləri üzrə qeyri-rəsmi müşaviri imiş.
Baş katib Teymurovun böyük təcrübəsindən bəhrələnmək niyyətindədir.
Bu da təsadüfi deyil. Çünki Cahangir Fərəcullayev də futbola “Azərlotereya” ASC-dən gəlib. O, bundan əvvəl sözügedən qurumun İdarə Heyətinin üzvü olub.
Bu gün Fərəcullayevin Teymurova etimad etməsi də vaxtilə bir dam altında işləmələri, möhkəm dostluq əlaqələri ilə bağlıdır.
Fərəcullayev futbola naşıdırsa, Teymurov bu "oyun"un mətbəxini yaxşı tanıyır. Bu səbəbdəndir ki, baş katib futboldakı sıldırım yolları Seymur bəyin təcrübəsindən “naviqasiya” kimi istifadə edərək keçməyə çalışır.
Onu da diqqətinizə çatdıraq ki, Seymur bəy Azərbaycanın idman mətbuatında mövcud olan "Offside Sport Media"nın təsisçilərindən biridir və uzun illərdir media kapitanı kimi fəaliyyəti var.
Elsevər Muradzadə
Fotolar Seymur Teymurovun "Facebook" hesabından götürülüb.