"Şkendiya"nın futbolçusu: "Ayaks", PAOK kimi klublara qarşı oynamışam, amma "Qarabağ"..."
"Çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" 10 ildən çoxdur ki, avrokubokların qrup mərhələsində oynayan bir komandadır. Bunu dərk edirdik və Bakıdakı matç bizim üçün çox ağır oldu. "Qarabağ"a uğurlar arzulayıram. Azərbaycanlı azarkeşlərə isə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm".
Sportliqa.az xəbər verir ki, bu sözləri ötən gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda "Qarabağ"a 1:5 hesabıyla məğlub olan "Şkendiya" klubunun futbolçusu Kamer Qaka deyib.
30 yaşlı mərkəz yarımmüdafiəçisi bu hesabı gözləmədiklərini bildirib:
"Düzünü demək lazımdırsa, bu hesabı gözləmirdik. Matçda hesabı biz açdıq, lakin bunun ardını gətirə bilmədik. Rəqib isə tez toparlandı və kəsərli hücumlar edib, qapımıza qollar vurdu. Əlbəttə, "Qarabağ" kimi güclü kollektivə qarşı hesabı qoruyub saxlamaq asan iş deyildi".
Albaniyalı futbolçu "Qarabağ"ın ünvanına tərif də yağdırıb:
"İndiyədək "Ayaks", PAOK və digər tanınmış klublara qarşı oynamışam, lakin "Qarabağ" kimi rəqiblə qarşılaşmamışdım. Bu komanda sadəcə möhtəşəmdir, "1 nömrə"dir".(pressing.az)