“Gördüyümüz işə inanmalıyıq ki, uğur qazanaq. İnanmasaq, necə qələbə qazana bilərik? Çalışırıq bu vəziyyətdən çıxaq”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.
Klub rəhbəri bildirib ki, yeni baş məşqçi Kaxaber Sxadadzenin “Qəbələ”ni Premyer Liqada saxlayacağına inanır. Maraqlıdır ki, gürcü mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Görəsən, “Qəbələ” Premyer Liqa ilə vidalaşsa, Sxadadze komandada qalacaq? “O barədə ümumiyyətlə, danışmamışıq. İndiki məqamda istəyimiz komandanı bu vəziyyətdən çıxarmaqdır. Belə olmamalıdı idi... Amma indi arxaya baxmağa vaxtımız yoxdur”.
Yayılan şayiələrə görə, mövsümün sonunda Premyer Liqada klub sayı 10-dan 12-yə artırılacaq və heç bir komanda çempionatı tərk etməyəcək. Fariz Nəcəfov isə bu iddianı yaxına buraxmayıb: “Tam yanlış söhbətdir. Sizin vasitənizlə hamıya çatdırmaq istərdim ki, belə şey mümkün deyil. Mən razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun. 12 komandaya ümid etmirəm. Bu barədə heç düşünməmişəm də. Əgər “Qəbələ” aşağı liqaya düşməlidirsə, düşəcək. Komanda sonuncu olsa, deməli, Premyer Liqada oynamağa layiq deyil”.
Futbolxeber.az