"Çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli oyundur. "Bayer" tanış rəqibdir. Bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Çox bacarılqı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə yığırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə (Leverkuzen) ilk oyunundan öncə keçirilmiş mətbuat konfransında deyib.
- Azərbaycan və Almaniya futbolu arasında fərq çox böyükdür. Bu fərqi nəzərə alsaq, "Qarabağ" daha çox hansı məqama diqqət edərək, rəqibin qarşısını ala bilər?
- Fərqi həmişə nəzərə almışıq. Amma bunu çox dərindən düşünməmişik. Biz sadəcə rəqibimizə qarşı necə oyun qurmaq lazımdır, onu düşünürük. Bunu bacarırq deyə, inamla hazırlaşırıq. Bəli, bu komandanın nə qədər üstünlüyü olsa da, böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq. Bəzi detalları futbolçulara çatdırırıq. Amma futbolçulara tapşırığımız olacaq ki, meydanda 90 dəqiqə dözməyi bacarsınlar. İstənilən oyun tərzinə, sürətə dözməliyik. Bu, hazırkı futbolun əsas amillərindəndir. Çəkinmədən oynamalı, dözməyi bacarmalıyıq. Bu, bir hissə olacaq, iki hissə olacaq, 60 dəqiqə olacaq, görəcəyik.
- Türkiyədəki insanlar "Qarabağ"ı ikinci təmsilçiləri kimi görür. Türkiyəyə mesaj vermək istəyirsiz?
- Xoş gəlmisiz, sizi görmək xoşdur. Ancaq təşəkkür edə bilərəm. Azərbaycanlı olaraq Türkiyə futbolunu həmişə izləmişik, Türkiyəyə daim dəstək olmağa çalışmışıq. Eynilə bunun qarşılığını da görürük. Bu, bizə əlavə güc, motivasiya verir. Çünki biz təkcə Bakıdakı matçlarda yox, xaricdəki matçlarda da türkiyəli azarkeşləri görmüşük, həmişə yanımızda olub, dəstək göstəriblər. Əlavə güc, əlavə motivasiyadır. Bilsək ki, bizim yanımızda daim bizi dəstəkləyən qardaşlarımız var, çəkinəcək, qorxacaq bir şeyimiz qalmaz.
- "Neftçi" ilə oyundan sonra yükləmə yoxdur ki, futbolçularda?
- Xeyr. Bu, sadəcə hazırlıq planımız idi. Hansı ki, bizə bu oyunda bir çox futbolçunun 90 dəqiqə oynaması vacib idi. Bundan əvvəlki matçlarda xeyli rotasiyalar etmişdik. "Braqa" ilə görüşdə çox güc sərf etmişdik deyə, oyunçulara istirahət vermişdik. "Neftçi" yox, başqa komandaya qarşı oynasaydıq da, eyni addımı atacaqdıq. Ki, bu oyuna komandanı tam hazır edək. Ümidvaram ki, proqramımıza, planımıza görə, "Bayer"lə oyunda futbolçularımızın hazırlığı daha yaxşı olacaq. Narahat olacaq heç nə yoxdur.
- Favoritin adı məlumdur. Baxımlı futbol istəyirsiz, yoxsa sırf nəticə?
- Baxımlı futbol oynamağı düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi niyə alınmır? Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf nəticəyə oynamaq lazımdı deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu bizim üstünlüyümüzdür. Sabah da istədiyimiz hücumları qurmağa, oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyək. Belə fikrim yoxdur. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynayalıyıq. Böyüməyimiz üçün bunlar çox vacibdir. Nəticə verib, böyümək istəyiriksə, böyük komandalara qarşı istədiyimizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər ki, bu 60 dəqiqə olsun..Amma bunu bacarırıqsa, demək ki, gələcəkdə daha yaxşı olacağıq.
- Bu yaxınlarda Xabi Alonso ilə Almaniyada görüşmüşdüz. Fikir alış-verişində olmusuz. Sizcə, Xabi Alonso sizin fikirlərinizdən istifadə edib fərqli plan cıza bilər? Ya da, əksinə?
- Deməzdim ki, hansısa plan qurmuşuq, ya da Alonso bu barədə düşünəcək. Böyük komandalar ilk olaraq öz oyununun nümayiş etdirməyə çalışır. Bu gün də "Bayer" bunun hesabına digər rəqiblərdən üstündür. Xabi Alonsonun tələblərinə uyğun futbolçular yığılıb. Oyunun gedişində rotasiyalar yerinə yetirir. Tanışlığımız oldu. Həm biz öz işimizdən danışdıq, məlumat verdik. Həm də onlar bizə. Amma inanmıram ki, bu hansısa detal, element bizə qalib gəlməyə kömək edər, ya da uduzmağa səbəb olar. İlk matçımıza qədər də onların çox oyunlarına baxmışdıq. Amma sonra meydanda canlı gördük. İnanmıram ki, görüşümüz hansısa detalda fərq göstərsin. Futbolun dili birdir. Tələbləri vaxtında, yaxşı yerinə yetirən qalib gəlir. Bu, aksiomdur. Klub olaraq münasibətimiz daha yaxın oldu. Mənim üçün maraqlı olan, Alonsonun keçmiş karyerası idi. Zəngin futbolçu karyerası var. Mənə motivasiya verən onun peşəkar davranışlarıdır. Bu qədər titullar əldə etməyi hər futbolçu bacarmır. Böyük məşqçilərlə işləyib, onlarla danışıqlarından danışdı. Bu oyunda hansısa faydası olacağını düşünmürəm, gələcəkdə köməyi ola bilər.
- Qrupdakı "Bayer"lə sabahkı "Bayer"in fərqi var?
- Daha ciddi yanaşacaqlar, daha aktiv olacaqlar. Çünki Bakıdakı matçda onlara qarşı tam fərqli mübarizə aparmışdıq. Evdəki görüşdə onlar qrupda birinci yeri həll etmişdilər. Amma bu iki oyundan ibarət matçdır. Məğlub olan turniri tərk edir. Xabi Alonso elə məşqçidir ki, mən onun hansısa oyuna sıradan yanaşdığını görməmişəm. "Bayer" çox ciddi yanaşacaq. Fikirləşəcəklər ki, bəlkə cütün taleyini burada həll etsinlər.
- "Bayer"lə üçüncü dəfə oynayacaqsız...Atalar üçdən deyib...
- Ataların sözündən heç vaxt çıxmamışıq. Nə deyiblər, düz deyiblər. Necə olacaq, görəcəyik. Üçlə bitmir, hələ dörd gəlir qarşıdan.