"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq komanda deyildik. Əsasən də, ikinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Öz komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, futbol oynayan, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticə də gələcək. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 26-cı turunun "Sumqayıt"la görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib.
- Demək olar ki, hər dəfə "Səbail" oyuna zəif başlayır, sonradan üstünlüyü ələ alır. Bu nə ilə əlaqədardır?
- Biri var xarakter, biri də funksional hazırlıq. Birinci hissə təzyiq edirik, rəqibin də gücü olur deyə, çətinlik çəkirik. Amma bu gün funksional hazırlığı yaxşı olan komandayıq. İkinci hissədə xarakter göstərmək istəyirik. Gözlənilməz qol buraxdıq. Mütləq dəyişiklik etməliydik. Bəli, birinci və ikinci hissəmiz arasında fərq var ki, bu da məni çox narahat edir. Həm psixoloji, həm funksional hazırlığın üzərində çalışmalıyıq. Bunu düzəldəcəyik.
- "Qəbələ" ilə oyundan sonra demişdiz ki, ikinci yerə qalxmaq asandır, orada qalmaq çətindir. Bəlkə, futbolçular psixoloji olaraq ikinci yerə hazır deyillər?
- Futbolçular anlayırlar. Bu gün futbol oynadıq, nəticə gəlmədi. Arxayınçılıq yoxdur. Sevinirəm ki, komandamız böyüyür, özünəinamlı oyun oynayır. Problemlərimiz də var. Onları yoluna qoyduqdan sonra nəyəsə nail ola bilərik.
- Ştatlı penalti vuran Aleksandr Ramalinqomdur. Amma o, meydandan çıxdı deyə, penaltini Pedro Nuno yerinə yetirdi. Ola bilər ki, məğlubiyyətə səbəb məşqçilər korpusudur? Bir az gözlədə bilməzdiz əvəzetməni?
- Əvəzetmələr penaltidən qabaq hazır idi. Bizdə elədir ki, bir dəfə Ramalinqom vurur penaltini, bir dəfə Pedro. Bu dəfə məhz Pedronun növbəsi idi. O topu götürdükdən sonra əvəzetməni etdik. Amma bilsəydim ki, Ramalinqom vurmalıdı, əvəzetmə olmayacaqdı. Penalti elədir ki, topu kimsə götürdüsə, dəyişmək, ondan almaq olmaz. Bu, futbolun yazılmayan qanunudur. Gördüm ki, Ramalinqom kənara çəkilib, top Pedrodadır.
- Bu mövsüm Samir Abasova qarşı üç oyun oynamısız və uduzmusuz. Demək olar ki, Samir Abasov sizi çözüb, yoxsa sizin komanda "Sumqayıt"a qarşı oynaya bilmir?
- Deməzdim ki, hər üç oyunda da məğlubiyyətə layiq idik. Hər üç oyunda "Sumqayıt"dan üstün oynamışıq. Sumqayıtdakı görüşdə bərabərsəviyyəli görüş getdi, avtoqolla uduzduq. Bu gün üstün idik. "Sumqayıt" qalib gəldisə, gələn dəfə də biz udarıq. Böyük bir şey olmayıb. Nəticə baxımından uduzduq, oyun baxımından deyil.
- Matçın hakim idarəçiliyindən razı qaldınız?
- Məşqçilər emosional olurlar, nəsə içində qalırsa, xəstəlik tapırsan. Bütün epizodlara reaksiya veririk. O demək deyil ki, verdiyimiz reaksiyaların hamısı düzdür. Hakim çox yaxşı idarəçilik etdi. Bir şeydən narazıyam, "Sumqayıt" vaxtı uzadırdı. Birinci hissədə vaxt əlavə edilmədi. İkinci yarıdakı 5 dəqiqəlik əlavə vaxt isə çox az idi. Soruşdum, dedi VAR-ın göstərişi ilə vaxt artırılır. VAR hesablayıb, deyir. Məncə, artırılmayan dəqiqələr oldu. Narazlığım tək vaxta görə idi. Yoxsa, Tural ideal hakimlik etdi.
- Komandadakı rəqabətdən razısız?
- Transfer pəncərəsi bağlanıb. İndi də hansısa problemlərimiz var. Hər şey yaxşı olacaqsa, problemli mövqelərə maydan sonra daha yüksək səviyyəli futbolçular dəvət olunacaq. Mərhələ-mərhələ edəcəyik. Əgər biz ötən mövsüm 9-cu yer uğrunda mübarizə aparırdıqsa, bizə başqa futbolçular lazım idi. Amma komanda böyüyüb, daha iddialı yerlər uğrunda mübarizə aparmaq üçün az problemimiz qalıb. Onları da bağlasaq, çox rahat oynayaraq. Rəqabətdən razıyam. Əlimizdə oyunun taleyini dəyişəcək futbolçularım çoxdur. Problemlərimiz var. Onları həll etmək üçün zamana ehtiyac var. İndi istəsək də, edə bilmərik.