"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 27-ci turunda öz meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur. Təəssüflənirəm ki, 3 xal qazana bilmədik. 3 xal bizim üçün çox vacib idi. "Qəbələ"yə uğurlar arzulayıram.
- Müdafiədə olan problemlərin səbəbi nədir?
- Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da sındırmaqdır. Yaddan çıxarmaq lazımdır. Kim istəyər ki, səhv etsin...
- Avrokuboklar uğrunda mübarizəniz davam edir?
- 32 xalımız var. Yuxarıdan 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var.
Kadiri Momammed əvvəlki performansından uzaqdır. Bunun səbəbi nədir?
Heyətimiz elə də geniş deyil. Bu gün hər kəs bizim üçün əsas heyətin oyunçusudur. Kadiri bu gün dəqiq deyil, sabah dəqiq ola bilər. Dua edək ki, növbəti oyunlarda qol vurar.
- Avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?
- Bu gün hesabda öndə idik. Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq. Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra ilk 3-lükdə ola bilərsən. Əlimizdə olan materiala uyğun hərəkət edirik. Pis futbol oynamırıq.
- Azlıqda qalmaq ehtimalına hazırlaşmamışdız?
- Düşünmürəm ki, hansısa məşqçi heyəti quranda qırmızı vərəqəni nəzərə alır. Sadəcə olaraq qırmızı vərəqədən sonra alternativləri fikirləşir. Azlıqda qalandan sonra müdafiəyə çəkilirsən.