"Qəbələ" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna çox pis başladıq. Pressinqdən çıxa bilmirdik. Bir az sonra bunu düzəldə bildik. Fasilədən sonra pressinq daha yaxşı alınmağa başladı. Həmin ərəfədə rəqib azlıqda qaldı. Biz müdafiəçini hücumçu ilə əvəzlədik. Qol imkanlarımız çox oldu. Sadəcə olaraq futbolçular bu epizodları reallaşdıra bilmədi. Bu da onların ustalıq səviyyəsi ilə bağlıdır. Rəqib standart vəziyyətdən qol vurdu. Bunun üzərində çox çalışırıq, amma yenə də belə vəziyyət yaranır.
- "Səbail"lə oyunda azlıqda qalandan sonra 55 dəqiqəyə 3 qol buraxdız. Bu gün isə 38 dəqiqə rəqib azlıqda qaldı, amma 1 qol vura bildiz. Bu, nə ilə bağlıdır?
- Fərq odur ki, "Səbail"in standart vəziyyətləri oldu və bunu dəyərləndirdilər. Amma biz 5 metr məsafədən qol vura bilmirik.
- Hər dəfə futbolçuların ustalıq səviyyəsindən şikayət edirsiz. Bu, onlara necə təsir edir?
- Bu, faktdır, tənqid deyil. Ona görə deyirəm ki, bunu düzəltmək olar. Şota Arveladze məşq bitəndən sonra 40 dəqiqə qapıya zərbələrin üzərində işləyirdi. Nəticədə də "Ayaks"da bir mövsümdə 37 qol vurdu. Deməkdə məqsədim odur ki, bizim futbolçular da məşqdən sonra işləsinlər. Fərdi olaraq məşq edəndə ustalıq səviyyəsi düzəlir. Onları istədiyim üçün deyirəm. Hər oyunçuma böyük hörmətim var. Bu sözləri onlara mən deməsəm, bəs kim desin?